“Fiorentina”nın prezidentindən İbrahimoviçlə bağlı açıqlama
İtaliyanın “Fiorentina” klubunun prezidenti Rokko Komisso açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, son zamanlar adı “Fiorentina” ilə yanaşı çəkilən Zlatan İbrahimoviçlə bağlı danışıb:
“İbrahimoviç və Sandro Tonalinin komandada olması mənim xəyalımdır. Amma istənilən halda, bu transferlərlə bağlı bir şey deyə bilmərəm. Hazırda heç bir şey bilmirəm.
Federiko Çiesanın gələcəyi ilə bağlı hələ ki, danışıqlar aparmamışıq. Yaxın gələcəkdə birlikdə qərar verəcəyik”.
Klub prezidenti, yay transfer dövründə heyətə qatılan və A Seriyasının 9-cu turunda “Latsio” ilə oyunda (1:2) yan xətt hakimini itələdiyi üçün qırmızı vərəqə alan Frank Riberi ilə bağlı da açıqlama verib:
“Riberinin cəzasını qəbul etmişik və buna uyğun şəkildə hərəkət edirik. Onun üçün çox təəssüflənirəm. Riberi A Seriyasının ən yaxşısıdır. Mən də futbolçu olarkən, hakimlərlə anlaşılmazlıqlar yaşayırdım. Oyundan sonra Riberinin çox üzüldüyünü gördüm. Bizim üçün olduqca pis qarşılaşma oldu”.
Bizi Facebook-da izləyin