“Honka”nın azərbaycanlı məşqçisi: “Neftçi” bundan ehtiyat etməlidir” – Müsahibə

Finlandiyanın “Honka” klubunun U-20 komandasını çalışdıran azərbaycanlı məşqçi Sərxan Hüseynovun Komanda.az saytına müsahibəsi:

  • Sərxan bəy, Finlandiyada – “Honka”da işinizlə bağlı məlumat verərdiz.
  • Finlandiyada 2016-cı ildən bəri yaşayıram. Əslində bura oxumağa gəlmişəm. Həm də məşqçilik edirəm. Universitetdə İdmanın İdarə Edilməsi ixtisası üzrə təhsil alıram. Müxtəlif komandalarda çalışmışam. 2020-ci ilin oktyabrından “Honka”nın U-17 komandasında baş məşqçisi olmuşam. Hazırda da U-21-lərin çempionatında iştirak edən “Honka”nın U-20 komandasını çalışdırıram.
  • Finlandiyaya getmək fikri necə yarandı? Daha əvvəl Azərbaycanda nə işlə məşğul olurduz?
  • Fİnlandiyaya gəlməmişdən əvvəl qərar vermişdim ki, məşqçiliklə məşğul olum. Çünki futbola olan marağım böyük idi. Gənc yaşlarımda mən də həmyaşıdlarım kimi küçədə futbol oynaya-oynaya böyümüşəm. Futbolçu olmaq imkanım geridə qalmışdı və məşqçi olmağa çalışırdım. 2013-cü ildə Bakıda şirkətdə çalışırdım. Daha sonra Köln İdman Universitetinə və Sauthempton Futbol Akademiyasına getməyə çalışdım. Kölnə getmək üçün alman dili səviyyəm çatmadı. Həmin il Finlandiyada Avropa Birliyinə daxil olmayan ölkə tələbələri üçün pulsuz təhsilin sonuncu ili idi. İmtahanları verdim və qəbul oldum. Finlandiyanın futbol ölkəsi olmadığını bilirdim, ancaq idman ölkəsi idi. Bura gəldikdən sonra da nə qədər düzgün seçim etdiyimi başa düşdüm. Çünki artıq burda futbola maraq böyükdür və getdikcə daha da artır. Artıq futbola sərmayə qoyurlar, xalq da bu idman növünü mənimsəməyə başlayıb. Futbol qurumları da artıq bu idman növünü inkişaf etdirmək üçün çalışırlar. Açığı, məşqçilik karyerama burda başlamağımdan razıyam.
  • Finlər bu il keçirilən Avropa çempionatına vəsiqə qazanaraq, ilkə imza atdılar. Siz də bilirsiz ki, finlərdə daha çox xokkey inkişaf edib. Ümumilikdə, finlər üçün futbol nə deməkdir?
  • Finlərin Avropa çempionatına vəsiqə qazanması bütün ölkədə genişmiqyaslı qeyd olundu. İnsanlar meydanlara axışmış, sevinclərini qeyd edirdilər. Finlandiyada xokkeyin daha çox uğur qazanmasına baxmayaraq, hazırda futbol rəsmi statistikaya görə ən çox oynanılan oyundur. Futbolçular da xokkeyçilərdən say baxımından iki qat üstündür. Futbol da artıq burda populyar idman növüdür. Demək olar ki, bütün klubların akademiyaları var və ən aşağı yaş həddi 6-7-dir. Artıq finlərin digər ölkələrdə çıxış edən futbolçuları da çoxdur. Finlandiya milli komandasının da əksər oyunçuları top liqalarda oynayırlar. Finlandiyada ailələrin də futbola maraqları var.
  • Azərbaycan təmsilçisi “Neftçi” bir neçə gün əvvəl Avropa Liqasının 3-cü mərhələsi çərçivəsində Finlandiyanın HİK komandası ilə qarşılaşıb. Oyunu izlədizmi və düşüncələriniz nədir?
  • Xeyr, oyunu izləyə bilmədim. Həmin vaxt öz məşqimiz var idi. Tezliklə təkrarına baxacam. “Neftçi” və HİK bir-birindən çox fərqlənmir. Hər iki komandanın performansı aşağı-yuxarı eynidir. Çətin olacağı bilinirdi. HİK mərhələ adlamaq istəyir. Ölkə çempionatında oyunlarına baxanda da görünürdü ki, “Neftçi” ilə matça hazırlaşırlar. HİK üçün Bakıda 2:2 hesablı nəticə əldə etmək pis deyil. Cütün taleyi burdakı oyuna qalıb. Demək olar ki, Finlandiya xalqının əksəriyyəti bu komandanı dəstəkləyir. Onların yaxşı motivasiyası var. Komandalar arasındakı cavab matçının çətin olacağını düşünürəm.
  • Şansları necə qiymətləndirirsiz? “Neftçi”ni Finlandiyada nələr gözləyir?
  • Komandaların şansları bərabərdir. HİK-in motivasiya baxımından sıxıntısı yoxdur. “Neftçi” bundan ehtiyat etməlidir. Finlandiyalı azarkeşlər HİK-in mərhələ keçməsini gözləyir. Helsinki klubu Finlandiya çempionatında ancaq hücum futbolu oynayır. Bunun ən böyük səbəblərindən biri yerli çempionatda onlarla mübarizə aparacaq komandaların demək olar ki, olmamasıdır. Düşünürəm ki, onlar cavab matçında da hücum futbolu oynamağa çalışacaqlar. “Neftçi” HİK-in verəcəyi boşluqlarından yararlanmalıdır. Bakı klubu bunlara diqqət etməli, əlinə düşən şanslardan istifadə etməlidir.
  • HİK-in heyətində hansı oyunçuları fərqləndirə bilərsiz?
  • Hücumda Filip Valençiç var. Ötən mövsüm “İnter”lə Finlandiya çempionatında səhv etmirəmsə, bombardir olmuşdu. Müdafiəçi Daniel O`Şonessi Finlandiya yığmasının üzvüdür və AÇ-2020-nin oyunlarında iştirak edib. Demək olar ki, ölkənin ən yaxşı müdafiəçisidir. Maraqlı oyun olacaq. Əsas da motivasiya baxımından HİK-in problemi yoxdur. Komanda olaraq yüksək əhval-ruhiyyədədirlər və hər kəs “Neftçi” ilə oyuna köklənib. “Neftçi” mərhələ adlamaq istəyirsə, ən yaxşı oyununu sərgiləməlidir.
  • “Neftçi”nin matçını stadiondan izləyəcəksiz?
  • Xeyr, həmin vaxt komandamla iki məşqim olacaq. Oyuna stadiondan baxa bilməyəcəm.
  • Azərbaycan futbolunu izləyirsizmi?
  • Bəli, vaxt tapdıqca izləyirəm.
  • Nə vaxtsa Azərbaycana qayıtmağı düşünürsüz?
  • Mən futbol məşqçisiyəm. İşim harda tələb etsə, orda çalışacam. Könül istərdi ki, öz ölkəndə, öz insanların üçün çalışasan. Harda olmağımdan asılı olmayaraq, istəyirəm ki, əlimdən gələnin yaxşısını edim. Bir gün Azərbaycana qayıdıb, məşqçilik etmək kimi bir arzum var. Ancaq hazırda xaricdə qalıb, burda təcrübəyə yiyələnmək daha məqsədəuyğundur. Daha yaxşı məşqçi olmaq üçün Avropada qalmağıma ehtiyac var. Finlandiyada çox kömək görmüşəm. Burda mənə yaxşı münasibət olub. Bu da mənim məşqçi kimi inkişafıma kömək edib. Finlandiyaya verəcəyim çox şey var. Bir müddət sonra Avropada başqa bir ölkədə işləməyə çalışacam. Belə imkanlarım var. Digər futbol ölkələrinin təcrübələrinə yiyələnmək istəyirəm. Bir gün nəsib olarsa, Azərbaycana qayıtmaq, burdakı təcrübədən istifadə etmək və bildiklərimlə ölkə futboluna fayda vermək istəyərəm.
  • Azərbaycanda hansı komandaya azarkeşlik edirsiz?
  • Bütün komandalara azarkeşlik edirəm. Klublarımızın Avropadakı çıxışlarını izləməyə çalışıram. “Qarabağ”ın son illərdə Avropa arenasındakı uğurları Azərbaycan futbolu üçün böyük faydadır və inkişafa aparacaq hadisədir. Bu, digər klublar üçün də motivasiya olmalıdır. Həm milli komandamızın, həm də klublarımızın oyunlarına baxmağa və onlara azarkeşlik etməyə çalışıram.
  • Finlandiyada Azərbaycan futbolu haqda nə bilirlər?
  • Futbol adamları bu haqda məlumatlıdır. Xüsusilə də, “Qarabağ”ın son illərdəki uğuru diqqəti çəkib. Finlandiya ilə Azərbaycan futbolu demək olar ki, eyni səviyyədədir. “Qarabağ”ın inkişafına baxıb, araşdırırlar ki, bizimlə eyni səviyyədə olan futbol ölkəsinin bir komandası necə belə inkişaf edir. Bu təcrübədən istifadə etməyə çalışırlar. “Honka” bir neçə il əvvəl avrokuboklarda “Qarabağ”la qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Honka”nın qolunu Sampo Koskinen vurmuşdu. Hazırda onunla eyni klubda çalışıram. Bu xatirəsi ilə bağlı tez-tez danışırıq. Ora getmək, “Qarabağ”a qol vurmaq onun üçün xoş xatirə olaraq qalıb.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button