“Finalda qələbə qazanmağa layiqik” – Maurisio Sarri
“Şansımızın 50-nin 50-yə olduğunu düşünürəm. Bundan çox ola bilməz”.
Komanda.az xəbər verir ki, bu sözləri İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Maurisio Sarri Avropa Liqasının finalı ərəfəsində Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssisin sözlərinə görə, yarımmüdafiəçi Nqolo Kantenin həlledici matçda oynayıb-oynamayacağı bəlli deyil: “Kantenin dizində zədə vardı. Əslində 3-4 gün ərzində bərpa oluna bilərdi. Son ana qədər çalışacağıq ki, meydana çıxsın. Bizim üçün vacib oyunçudu. Bu mövqedə yeganə futbolçumuzdu. Onun meydana çıxacağına inanıram”.
- İtaliyada deyirlər ki, bu, “Çelsi”nin baş məşqçisi kimi son oyununuz olacaq…
- “Çelsi” ilə iki illik müqaviləm var. Hazıda yalnız final barədə düşünürəm. Qələbəyə layiqik və bunu etmək istəyirik. Futbolçularımız da yalnız final haqqında danışmalı olduğumu anlayırlar.
- Qələbə sizin üçün artıq vəsiqə qazandığınız Çempionlar Liqasına düşməkdən önəmlidi?
- “Mançester Siti”yə Liqa Kubokunun finalında uduzduq. İndi isə Avropa Liqasının finalındayıq. Bizim üçün çox gözəl mövsüm oldu.
- Bəzi azarkeşlər Londondan Bakıya gələ bilmədilər. Bu barədə fikirləriniz necədi?
- Onların problemləri ilə bağlı UEFA-ya və klublara müraciət etməlisiz. Düzdü, buna görə bir az məyusuq. Çalışacağıq qələbə qazanaq. Bu, azarkeşlər üçün hədiyyə olacaq.
- Bu final həyatınızın ən böyük anıdı?
- Məşqçi və jurnalist fərqli düşünə bilər. Bu suala cavabım oyundan sonra olacaq.
- Jiru “Çelsi”də yaxşı mövsüm keçirib. O, daha əvvəl “Arsenal”ın formasını geyinib. Sabah start heyətində yer alacaq?
- Jiru yaxşı mövsüm keçirib. Amma hələ qərar verməmişəm. Mənim üçün mövsümün əvvəli çox çətin idi. Ancaq fevraldan futbolçular dəyişməyə başladılar. Bəlkə də mən dəyişdim.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin