“…bu o demək deyil ki, Azərbaycan millisi futbol oynamamalıdır” – Müsahibə
Futbol üzrə Azərbaycan milli komandası baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi atlında iki oyun keçirib. AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda Xorvatiyaya 1:2 hesabıyla məğlub olan yığma, yoxlama görüşündə Litva ilə qolsuz bərabərə qalıb. Azərbaycan millisinin keçmiş baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyevin bu oyunlarla bağlı fikirlərini öyrəndik.
Komanda.az Diniyevlə müsahibəni təqdim edir:
– Azərbaycan millisinin Xorvatiya və Litva yığmalarıyla keçirdiyi oyunlar haqda düşüncələriniz nədir?
– İki fərqli oyun idi. Biri Avropa çempionatının seçmə mərhələsinin oyunu, digəri isə yoxlama görüşü. İki oyun arasındakı fərq ondan ibarət idi ki, birincidə müdafiədən oyunu qurub, əks hücumlara ümid bağlamalıydıqsa, ikinciyə qələbə qazanmaq üçün çıxmışdıq. Yeni baş məşqçidir, hazırlıqsız komanda götürmüşdü. Xorvatiya ilə oyuna qədər görüş keçirməmişdi. 2-3 gün bir yerdə olduqdan sonra Xorvatiyaya yollanmışdılar. Bizim də gözlədiyimiz o idi ki, görək, maraqlı nə olacaq. Həyatda olduğu kimi, futbolda da hər şey nisbidir. Yadınızdadırsa, Xorvatiya ilə oyunda 0:6 hesablı məğlubiyyətimiz var idi. Ağıllarda o qalmışdı. Fikirləşirdik ki, bu təkrarlanacaqmı, çox olacaq, yoxsa az olacaq. Xorvatiya dünyanın 2-ci komandasıdır. Bu hər kəsi çox narahat edirdi. Bir tərəfdən də, komandanın hazırlığı üçün az vaxtı var idi və nə dərəcədə toparlandığı sual altında idi. Komanda etibarlı müdafiə olundu. Nizam-intizamlı oyun var idi. Əks hücumlarda da oyunumuzu qura bilirdik. Mənə elə gəlir, bu oyun bizi qane elədi. Düzdü, uduzmuşuq, bu bizi qane etməməlidir. Ancaq Xorvatiya ilə Azərbaycan arasındakı fərqi gördükdə, böyük hesablı nəticə olmadı. Yeni baş məşqçinin gəlişiylə də komandada yaxşı motivasiya olduğu görünürdü. Futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. İki komandanın futbolçuları arasındakı fərdi ustalıq səviyyəsi də böyük idi. Amma motivasiya barədə bunu demək olmaz. Xorvatiya sakit, oyunu udmuş kimi çıxmışdı meydana. Gözəl oyun, istədiyimiz nəticə olmasa da, bu məğlubiyyəti pis nəticə saymıram.
Litva ilə oyunda daha çox hücum etməyi düşünürdük. Bunu həm məşqçinin, həm də futbolçuların fikirlərində görürdük. Ancaq alınmadı.
– Litva ilə oyunda qol imkanları da çox olmadı, qol da vura bilmədik. Çatışmayan nə idi?
– Qolun olmamasının əsas səbəbi futbolçuların fərdi ustalıq səviyyələriylə bağlı idi. İndiki halda yeni baş məşqçidən nəyisə tələb etmək və ya etməmək, narazı qalmaq və ya qalmamaq düzgün olmaz. Qarşıdakı oyunlardan sonra artıq məşqçinin işinə qiymət vermək mümkün olacaq. İyuna qədər uzun bir vaxt var. Milli komandanın da təlim-məşq toplanışı olacaq. Futbolçuların milli çempionatlardakı oyun təcrübələri də çox olacaq. Komandada dəyişikliklər var idi.
– Macarıstan millisi Xorvatiyanı məğlub etdi. İki turdan sonra Azərbaycanın qrupdakı şanslarını necə görürsüz?
– Etiraf edək ki, Xorvatiya həmin DÇ-2018-in ikincisi olan komanda deyil. İtkiləri çoxdur. İki tur göstərdi ki, 4 komanda bərabər səviyyədə oyun keçirir. Azərbaycanı çıxmaqla, hər bir komandanın 1-ci, 2-ci yeri tutmaq şansı var. Qrupda sırf lider yoxdur, ancaq təəsüf ki, autsayder var. Bizim şansımızdan danışırıqsa, qrupdan çıxmağımız pafosdur. Bu haqda danışmağa ehtiyac yoxdur. Qrupdan çıxmaq şansımız azdır, çox azdır. Lakin bu o demək deyil ki, Azərbaycan millisi futbol oynamamalıdır. Hər rəqibdən xal almaq üçün mübarizə aparan bir komanda yaratmaq lazımdır. “Qrupdan çıxmaq şansımız var” demək, sadəlövhlük olar. İyunda oyunlar olacaq. Komandaların hazırlığının hansı səviyyədə olacağını təxmin etmək olmur. O ki qaldı bizim qrupdakı şansımıza, çox çətin məsələdir.
– Azərbaycanın qrupda hansı komandadan xal ala biləcəyini düşünürsüz?
– Futbol elədir ki, əvvəlcədən təxmin demək olmur. Məsələn, 11 dəqiqəmiz çatmadı ki, Xoratiyadan, dünyanın 2-cisindən xal alaq. İndi futbol oynaya bilməyən ölkə qalmayıb. Bu gün Lüksemburq Litvanı məğlub edir, Cəbəllütariqə qol vurmaq əvvəlki kimi asan deyil. Hər rəqibdan xal ala biləcək milli komandalar var. Ancaq bu o demək deyil ki, biz 4 rəqibin hər birini uda bilərik. Həm bəxtimiz, həm yüksək motivasiyamız, həm də əzmkarlığımız olsa, rəqiblərdən xal ala bilərik. Amma bu nə qədər real olacaq, qarşıdakı oyunlar göstərəcək.
– Milli komandaya yenidən dəvət olunan futbolçuların çıxışlarını necə dəyərləndirirsiz?
– Fərdlərə qayıtmaq istəmirəm, ancaq bu gün tam formada olan Ramil Şeydayevdir. O, Rusiya çempionatının oyunlarında müntəzəm çıxış edir, qol vurur. Ondan savayı, kiminsə pis çıxış etdiyini deməzdim. Narahat edən məsələlər çoxdur. Bir çox futbolçularımız ideal formasından çox uzaqdadır. Arxadan yeni qüvvənin gəlməməsi də narahatedicidir. Belə deyim də, bizim yaradıcılıq baxımından istedadlı futbolçularımız formasından çox uzaqdadır.
– Əli Babayevin milliləşdirilməsi narazılığa səbəb olub. Bu haqda sizin də fikirlərinizi öyrənmək istərdik.
– Mənə yaraşmaz ki, hansısa məşqçi, futbolçu haqda yaxşı və ya pis fikir bildirim. Yaxşı demək olar, ancaq pis yox. Bu, millinin baş məşqçisinin qərarıdır. Kimin çağırılması, kimin çağırılmaması onun seçimidir.
– Qurban Qurbanovun baş məşqçi olduğu milli komandayla Nikola Yurçeviçin komandası arasında hansı dəyişikliklər var?
– İki oyuna görə qiymət vermək olmur. İyundakı oyunlardan sonra məşqçinin işinə görə fikir bildirmək olar. Yurçeviç hazırlıqsız komandayla Xorvatiyayla qarşılaşdı, sonra da yoxlama görüşündə Litva ilə. Bu iki oyuna görə nəsə demək düz olmaz. Gələcək oyunlar hər şeyi göstərəcək.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin