FİFA və UEFA Rusiyanı bütün yarışlardan kənarlaşdırdı

FİFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.

Komanda.az xəbər verir ki, buna Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzü səbəb göstərilib.

Rusiya millisi DÇ-2022-nin pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.

Eyni zamanda Moskva “Spartak”ı Avropa Liqasının 1/8 final mərhələsində Almaniya “Leypsiq”i ilə qarşılaşmalarda iştirak etməyəcək. Bundesliqa təmsilçisi oynamadan növbəti mərhələyə yüksələcək.

Martın 24-də Rusiya millisi DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanmaq üçün pley-off turnirinin yarımfinalında Polşa yığması ilə Moskvada oynamalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq. Turnirin qalibi noyabrın 21-dən dekabrın 18-nə qədər Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.

Rusiyanın qadınlardan ibarət komandası isə iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli idi.

Eyni zamanda UEFA Rusiyanın “Qazprom” şirkəti ilə əməkdaşlığa da xitam verildiyini açıqlayıb. Qitə futbol qurumu bu əməkdaşlıqdan illik 40 milyon avro gəlir götürürdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button