FİFA-dan “Bakı”nın sabiq üzvünə ömürlük cəza

FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.

Komanda.az dünya futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 7-si futbolçu, biri isə menecerdi.

Futbolçulardan Karlon Mürrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Hellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Syerra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecer Kudzanay Şaba danışılmış oyunlara görə istənilən futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

Qurum keniyalı Corc Obino Audiyə isə 10 illik cəza verib. O həmçinin 15 min İsveçrə frankı məbləğində cərimələnib.

Xatırladaq ki, bu futbolçular arasında İbrahim Karqbo azərbaycanlı futbolsevərlərə xüsusi tanışdı. Belə ki, Syerra Leone millisinin 37 yaşlı sabiq kapitanı vaxtilə ölkəmizdə də çıxış edib. Son olaraq İngiltərənin aşağı liqa təmsilçisi “Dulviç Hamlet”in şərəfini qoruyan Karqbo 2010-13-cü illər aralığında “Bakı”da (76 matç, 1 qol) çıxış edib. Yarımmüdafiəçi 2012-ci ildə Azərbaycan Kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button