Federasiya prezidentindən milliyə dəstək
Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Qızıl Avropa Liqasında mübarizə aparan qadın voleybolçulardan ibarət yığmamızın məşqində olub.
Komanda.az xəbər verir ki, qurum rəhbəri GİN-nin Voleybol Mərkəzində təşkil olunan məşqdən əvvəl komandamızın üzvləri və məşqçilər heyəti ilə görüşüb.
Bağırov sabah Bakıda start götürəcək 3-cü turda millimizin daha uğurlu çıxış edəcəyinə, Estoniya və Avstriya yığmalarına qalib gələcəklərinə əminliyini ifadə edib. Voleybolçularımız da doğma meydanda hər iki qarşılaşmada qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildiriblər.
Yeri gəlmişkən, Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Bakıda qadın voleybolçular arasında keçiriləcək Qızıl Avropa Liqasının 3-cü tur oyunlarına hazırlıqla bağlı iclas keçirib.
GİN-in Voleybol Mərkəzində baş tutan toplantıda AVF-nin vitse-prezidenti Bəhruz Quliyev, qadın voleybolçulardan ibarət millimizin baş məşqçisi və vitse-prezident Faiq Qarayev, baş katib Faiq Orucov və federasiyanın digər əməkdaşları iştirak ediblər.
Görüşdə qadın və kişi voleybolçulardan ibarət yığma komandalarımızın Qızıl Avropa Liqasındakı çıxışları müzakirə olunub.
Sonra Faiq Orucov sabah Bakıda start götürəcək Qızıl Avropa Liqasının 3-cü tur oyunlarına hazırlıqla bağlı məlumat verib.
Daha sonra çıxış edən milli komandamızın baş məşqçisi Faiq Qarayev voleybolçularımızın Xorvatiya və Rumıniyada keçirilən ilk iki turdakı oyunları haqqında ətraflı məlumat verib. Bildirib ki, komandamız bu qarşılaşmalarda müəyyən səbəblərdən istənilən kimi çıxış edə bilmədi. Bununla belə, Bakıdakı oyunlara daha böyük əhval-ruhiyyə ilə hazırlaşan voleybolçularımızın doğma meydanda qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib.
Qarayev hazırda millidə olmayan təcrübəli oyunçuların da heyətə cəlb olunması, yayda və qış aylarında turnirlərdə iştirak etmələrinin vacibliyini vurğulayıb.
İclasda çıxış edən AVF prezidenti Şahin Bağırov bildirib ki, Faiq Qarayevin millimizin baş məşqçisi olması komandada çıxış edən və yaxın gələcəkdə cəlb olunacaq gənc oyunçular üçün böyük üstünlükdür. Onun təcrübəsindən yararlanaraq professional karyeralarında daha da uğurlu ola biləcəklər. Hazırda heyətdə olan gənclərin 2026-cı il qitə birinciliyinə daha yaxşı hazırlaşmaq üçün imkan qazandıqlarını söyləyib. Federasiya rəhbəri Estoniya və Avstriya yığmaları ilə qarşılaşmalarda komandamıza uğurlar arzulayıb, bu oyunlarda qalib gələcəyinə əminliyini bildirib.
Bizi Facebook-da izləyin