Federasiya prezidenti cüdo təlim mərkəzinə baxış keçirib
Gəncədə Azərbaycan Cüdo Federasiyasının (ACF) cüdo təlim mərkəzinə ACF prezidenti Rəşad Nəbiyev və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən baxış keçirilib.
Federasiyanın mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 814 m2 təşkil edir.
Təlim mərkəzində iki dojo (cüdo məşq zalı) var və onların sahəsi müvafiq olaraq 230 m2 və 100 m2 təşkil edir. Cüdo məşq zalları Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Ümumi sahəsi 270 m2 təşkil edən fiziki hazırlıq zalı cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib. Təlim mərkəzində valideynlər üçün gözləmə zalı və idmançılar üçün digər zəruri şərait təmin edilib.
Təlim mərkəzində gün ərzində 100, həftə ərzində isə 450 nəfərə qədər yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcəklər. Eyni zamanda, mərkəzdə hakimlər və məşqçilər üçün seminarların və təlimlərin keçirilməsi, həmçinin Gəncə və ətraf rayonlarda cüdo idman növü ilə məşğul olanların həftəlik birgə məşqlərinin (randorilərin), tanınmış idmançıların ustad dərslərinin təşkili də planlaşdırılır.
Baxış günü Gəncədən olan cüdoçular üçün Olimpiya çempionu Elnur Məmmədli, dünya çempionu Elxan Məmmədov, Olimpiya Oyunları mükafatçısı Mövlud Mirəliyev, dünya mükafatçısı Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib.
ACF prezidenti Rəşad Nəbiyev bildirib ki, Gəncədəki təlim mərkəzinin istifadəyə verilməsi bu şəhərdə cüdo idman növünün daha da kütləviləşdirilməsinə zəmin yaradır:
“Gəncə Azərbaycan cüdosunun əsas mərkəzlərindən biri sayılır və təsadüfi deyil ki, Federasiyanın ilk təlim mərkəzi burada idmançıların istifadəsinə verildi. Bizim əsas məqsədimiz uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə verməkdir. Eyni zamanda əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə ölkəmizə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının medallarını gətirəcəklər”.
Hazırda Gəncədə 810 nəfər cüdo ilə məşğul olur. 2023-cü ilin sonuna qədər bu rəqəmin 1,500 nəfərə çatdırılması hədəflənir.
Bizi Facebook-da izləyin