Fatih Terimə Azərbaycanda işləməyi kim təklif edib?

Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Necati Atəş türkiyəli tanınmış mütəxəssis Fatih Terimə Azərbaycan və Qətərdən təkliflər gəldiyini bildirib.

Terimin “Qalatasaray”da köməkçisi olmuş Atəş bildirib ki, tanınmış mütəxəssis baş məşçi kimi karyerasını başa vurmayıb və çalışmaq istəyir.

“Od olmayan yerdən tüstü çıxmaz” deyərlər. Necati Atəş də Terimə Azərbaycandan təkliflər olduğunu deyərkən, mütləq nəyəsə əsaslanır. Çox güman, İtaliyada “Fiorentina” və “Milan” kimi klublarda çalışmış Fatih Terimə Azərbaycan millisinin “sükanı arxasına” keçmək təklif olunub. AFFA-nın Canni De Byazi ilə müqaviləni yeniləməzdən əvvəl Terimlə təmasda olması mümkündür.

Həmçinin, bir müddət əvvələ kimi özünə yeni baş məşqçi axtaran “Neftçi”nin də Terimin xidmətində maraqlı olması ehtimalı yüksəkdir. “Ağ-qaralar” türkiyəli digər mütəxəssis Sərgən Yalçınla anlaşmağa yaxın olsa da, son anda razılığa gələ bilməmişdilər. Nəticədə, Bakı klubu rumıniyalı Adrian Mutu ilə müqavilə bağladı. Ola bilər ki, “Neftçi” Sərgən Yalçınla danışıqlardan əvvəl, ya da ondan “yox” cavabı alandan sonra Fatih Terimin də Azərbaycanda işləmək istəyib-istəmədiyi ilə maraqlanıb. Və görünən budur ki, “İmperator” ləqəbli məşqçi Azərbaycandan gələn təklifləri qəbul etməyib.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button