“Fatı, qalx, Fatı, otur!”

Kürşad

“Səbail”lə keçirdiyi son iki oyunun birində uduzub, digərində heç-heçə edən, daha sonra “qələbə” adı çəkiləndə 7 pirə nəzir deyən “Sumqayıt”a məğlub olan “Neftçi”nin azarkeşlərinin pərişanlığını anlamamaq mümkün deyil. Bu mövsümə ümidlər böyük idi. Büdcə böyümüş, yeni futbolçular transfer edilmiş, uzaq Moldovadan Roberto Bordin “sükan arxasına” gətirilmişdi. Bunlardan da önəmlisi, AFFA-nın baş katibi Elxan Məmmədov bir gecə yatıb, nə yuxu görmüşdüsə, ertəsi Kamran Quliyevi “Sumqayıt”ın prezidenti postundan çıxarıb, “Neftçi”yə prezident göndərmişdi. Hər şey əla idi, “neftçilər” qabağına çıxanın “quyusunu qaza” bilərdi. Bəs nə oldu çempionatın bitməsinə 2 tur qalmış “xalq komandası” “Qarabağ”dan 5 xal geri düşdü?

İşin ən əcaib tərəfi o idi ki, “Neftçi” rəhbərliyinin ağlına hardansa gəlmişdi, Çempionlar Liqasının təsnifat mərhələsində “Şerif”in baş məşqçisi kimi “Qarabağ”la bacarmayan Roberto Bordin xilaskar mələk ola bilər. Yox, yox, əziz oxucu, bir anlıq dayan və sən də düşünməyə başla: “Neftçi” rəhbərliyi hansı məntiqlə, hansı ağılla Azərbaycanda əsas rəqibi olan “Qarabağ”ın Çempionlar Liqasında əzdiyi “Şerif”in baş məşqçisini “sükan arxasına” gətirə bilərdi?

“Sumqayıt” kimi bir komandaya məğlub olmağın heç bir bəhanəsi, bağışlanası tərəfi yoxdur. “Rəqib “Qarabağ”a işləyir”, nə bilim, “Bordin zökəm olubmuş”, “Baqali Dabonun dişi ağrıyırmış” – nə olur olsun, “Sumqayıt”a məğlub olmaq olmazdı. Bütün mövsüm ərzində cəmi 5 qələbəsi olan komandaya 6-cı dəfə sevinmək imkanı yaradırsansa, səndən nə baş məşqçi olmaz, nə də çempion…

Qarşıda 2 tur var. Amma “Neftçi”nin vəziyyəti öz xeyrinə dəyişmək üçün heç nəyi yoxdur. “Neftçilər” onlara çempionluq yolunda ağır zərbə vuran “Səbail”in eyni aqibəti “Qarabağ”a da yaşadacağına ümid, dua etməlidir. Hələ özləri Qəbələ səfərindən “salamat” çıxa bilsələr…

“Neftçi”nin ən böyük səhvi Kamran Quliyev kimi “Fatı, qalx, Fatı, otur” düşüncəsində, ağlında, azadlığında olan birinin prezident postunu tutmasıdır. İkinci səhv isə Roberto Bordini “Şerif”in baş məşqçisi olarkən gözünün qorxduğu “Qarabağ”ın, Qurban Qurbanovun önünə atmaq idi. Səhvləri düzəltmək üçün heç vaxt gec deyil deyirlər, amma “Neftçi” üçün gecdir…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button