Fəxri prezident Kana görə məyus olub
“Bayern”in fəxri prezidenti Uli Höness Oliver Kanın klubun baş direktoru vəzifəsindən azad edilməsi qərarı barədə danışıb.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Höness, Kanın qovulmasına görə məyus olduğunu deyib:
“Kanın işdən çıxarılması? Xoşagəlməz söhbət oldu. Onu əvvəldən dəvət etmək səhv idi? Geriyə baxanda bunu deyə bilərsiz. Oliver ünsiyyətdən zövq aldığınız yüksək intellektli insandır. Mən çox məyus oldum, çünki onun şəxsiyyəti sayəsində bu işin öhdəsindən gələ biləcəyini düşünürdüm. Amma əksinə, o, özünü məsləhətçiləri ilə əhatə etdi”.
Höness həmçinin bildirib ki, Kan klubda ümidləri doğrultmasa da, ona çox hörmət edir:
“Bu insana böyük hörmətim var, bir futbolçu kimi o, çox şey edib. O, baş direktor kimi ümidləri doğrultmasa da, Oliverə qapım həmişə açıqdır. Bizə son zamanlar hökm sürən qarışıqlıq deyil, sakitlik lazımdır”.
“Bayern” Bundesliqa çempionluğunu qazandıqdan dərhal sonra Kanın qovulduğunu elan edib. Bundan əlavə, Münhen klubunun idman direktoru Hasan Salihamiciç də postundan ayrılıb.
Bizi Facebook-da izləyin