“Fənərbaxça” və “Beşiktaş”ın sabiq forvardı karyerasını başa vurur
Vaxtilə Türkiyənin “Fənərbaxça” və “Beşiktaş” klublarının da şərəfini qorumuş “Gənclərbirliyi”nin braziliyalı hücumçusu Mert Nobre karyerasını başa vurmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, 38 yaşlı futbolçu bu qərarını sosial şəbəkə hesabında açıqlayıb.
O, “İnstagram”da belə bir açıqlama yayıb: “Mövsümün əvvəlindən hədəflədiyimiz çempionluğa çox az qaldı. Artıq sona üç tur qalıb. İstərdim biləsiz ki, bu, həm də mənim karyeramdakı son üç matç olacaq. Beləcə, karyeramı çempion kimi qürurlu bir şəkildə tamamlayacağam”.
Qeyd edək ki, Super Liqaya vəsiqə qazanmağa çalışan “Gənclərbirliyi” hazırda Türkiyə 1-ci liqasında 31 turdan sonra 67 xalla liderdi.
Nobre geridə qalan turlarda 24 oyuna çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazla çiyin-çiyinə oynayan braziliyalı forvard vaxtilə “Fənərbaxça” ilə 2, “Beşiktaş”la 1 dəfə Super Liqanın qalibi olub.
Bizi Facebook-da izləyin