Fərid Qayıbov Paris-2024-də çıxış etmiş paralimpiyaçılarla görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Fransanın Paris şəhərində keçirilən Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş milli komandanın idmançı və məşqçi heyəti ilə görüşüb.
Komanda.az xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil edilən görüşdə nazir Fərid Qayıbov idmançıları salamlayaraq, onları Paris-2024 Yay Paralimpiya Oyunlarında əldə olunan nailiyyətlər münasibətilə təbrik edib.
Nazir çıxışında Azərbaycan xalqının paralimpiyaçılarımızla qürur duyduğunu və onların qazandıqları uğurların əlilliyi olan şəxslərin idmana cəlb olunması prosesinə təkan verəcəyinə inandığını vurğulayıb.
Görüşdə Parisdə medal qazanmış paralimpiyaçılarımızın çıxışlarının ən maraqlı anlarını əks etdirən videoçarx nümayiş edilib. Sonra nazir müavini Mariana Vasileva, Milli Paralimpiya Komitəsinin Prezidenti Hidayət Abdullayev və komitənin vitse-prezidenti, Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış edərək qazanılmış nəticələrlə bağlı milli komandanı təbrik edib, növbəti Paralimpiya Oyunlarında uğurlar arzulayıblar.
Tədbir idmançılarla səmimi söhbət şəraitində davam edib. Görüşdə dövlətimizin başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən paralimpiyaçılarımıza daimi dövlət dəstəyi göstərildiyi və bu qayğı nəticəsində komandamızın Parisdə uğurla çıxış etdiyi vurğulanıb. Qeyd edək ki, Parisə 18 nəfərlə yollanan komandamız 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla 11 medal qazanıb.
Paralimpiyaçılarımızdan İmaməddin Xəlilov, Sabir Zeynalov (hər ikisi parataekvondo), Səid Nəcəfzadə, Lamiyə Vəliyeva, Orxan Aslanov (hər üçü paraatletika), İlham Zəkiyev, Dürsədəf Kərimova, Xatirə İsmiyeva (hər üçü paracüdo), Vəli İsrafilov, Könül Süleymanova (hər ikisi paraüzgüçülük), Kamran Zeynalov (paraatıcılıq) çıxış edərək, öz təəssüratlarını bölüşüblər. 2028-ci ildə Los-Ancelesdə keçiriləcək növbəti Yay Paralimpiya Oyunlarında daha da uğurla çıxış etmək üçün çalışacaqlarını bildiriblər.
Bizi Facebook-da izləyin