Eyni mövzu, eyni ssenari, eyni film

Əmir

Adını xatırlamadığım bir rejissor demişdi ki, illər keçdikcə yaxşı kino çəkmək qəlizləşir. Çünki bütün mövzular işlənib, izləyicini gözlənilməz sonluqla təəccübləndirmək illər keçdikcə daha da çətinləşir. Çünki izləyici qeyri-adi nəsə görmədiyi, sonluğunda təəccüblənmədiyi filmləri qəbul etmir. O filmlər insanları cəlb edir ki, sonluğunda onlara heç vaxt yaşamadığı hissləri, heç gözləmədiyi sonluğu bəxş etsin. Bu günə kimi isə əksər mövzular işlənib, bir çox ssenarilər, gözlənilməz sonluqlar, düşündürücü replikalar çoxdan kino qurmanlarının menyusuna təqdim edilib… Təkrar ssenarilər, mövzular artıq heç kimi təəccübləndirmir.

Amma… Təkrar mövzularla hələ də izləyiciləri təəccübləndirə, kədərləndirə bilən, hətta bəzən əsəblərinə toxunmağı bacaran “rejissor”, “ssenaristlər” hələ də var. Kino sahəsində yox, futbolda. Söhbət hansısa şəxsdən yox, bizim milli komandamızdan gedir. Gəlin, baş rollarda hər dəfə fərqli “aktyorlar”ın yer aldığı, eyni məzmunlu “filmlər”in siyahısına nəzər salaq:

Malta – Azərbaycan 5:0 (1994-cü il)
Fransa – Azərbaycan 10:0 (1995)
Norveç – Azərbaycan 5:0 (1996)
İsveçrə – Azərbaycan 5:0 (1997)
Portuqaliya – Azərbaycan 7:0 (1999)
İsrail – Azərbaycan 6:0 (2004)
Polşa – Azərbaycan 8:0 (2005)
Ukrayna – Azərbaycan 6:0 (2006)
Polşa – Azərbaycan 5:0 (2007)
Azərbaycan – Serbiya 1:6 (2007)
Azərbaycan – İspaniya 0:6 (2009)
Almaniya – Azərbaycan 6:1 (2010)
Xorvatiya – Azərbaycan 6:0 (2014)
İsveç – Azərbaycan 5:0 (2023)
Belçika – Azərbaycan 5:0 (2023)
İsveç – Azərbaycan 6:0 (2024)

Bəlkə, başqa yaddan çıxanlar da var. Bəzi səhnələri çıxsaq, aşağı-yuxarı eyni mövzu, eyni ssenaridir. Çəkənlər yorulmadı. İzləyənlər də hələ də ilk dəfə izləyirmiş kimi təəccüblənir, əsəbiləşir, şoka düşürlər. Bəlkə, elə problem rejissorlarda, ssenaristlərdə yox, həmişə eyni ssenariyə təəccüblənən izləyicilərdədir?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button