“Everton”un futbolçusu “Beşiktaş”da

Futbol üzrə İngiltərə yığmasının hücumameylli yarımmüdafiəçisi Dele Alli “Everton”dan ayrılıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu 2022/23 mövsümünü Türkiyənin “Beşiktaş” klubunda keçirəcək.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Türkiyə təmsilçisi yarımmüdafiəçini bir mövsümlük icarəyə götürüb.

“Beşiktaş” bir illik icarə üçün “Everton”a pul ödəməyəcək. Əvəzində oyunçu bir mövsüm üçün İstanbul təmsilçisində 2.2 milyon avro gəlir əldə edəcək. Üstəlik, futbolçu oynadığı matç sayına və meydanda olduğu zamana görə də əlavə mükafatlar əldə etmək şansına malikdir.

Dele Alli peşəkar karyerasına “Milton Kins Dons” komandasında başlayıb. O, 2015-ci ildə məhz bu klubdan “Tottenhem”ə transfer olub. London təmsilçisində 269 oyuna 67 qol vurmuş futbolçu, bu ilin yanvarında azad agent kimi “Everton”a cəlb olunmuşdu. O, bu komandada cəmi 13 oyuna çıxsa da, fərqlənə bilməyib. 26 yaşlı futbolçu İngiltərə yığmasında keçirdiyi 37 oyunda 3 qola imza atıb.

“Beşiktaş” öz yarımmüdafiəçisi Kartal Yılmazı da “Ümraniyəspor”a icarəyə verib. 21 yaşlı futbolçu icarəyə göndərilməzdən əvvəl müqaviləsi yenilənib. Belə ki, onun 2024-cü ilə qədər olan müqaviləsinin müddəti daha 1 il artırılıb. Daha sonra o, Super Liqanın digər təmsilçisinə 1 illik icarəyə verilib. “Beşiktaş”ın öz yetirməsi olan Kartal Yılmaz, ötən mövsüm də “Ümraniyəspor”da icarədə oynayıb, 45 oyuna 1 qol vurub.

Yeri gəlmişkən, “Ümraniyəspor” “Eyüpspor”un yarımmüdafiəçisi Metehan Mimaroğlu ilə hücumçu Umut Nayiri də heyətinə qatıb. 29 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Hücumçu “Eyüpspor”a bu yay “Girəsunspor”dan keçmişdi. Lakin o, aşağı liqa klubunda debüt etmədən yenidən Super Liqaya qayıdıb. Umut Nayir daha öncə “Ankaragücü”, “Osmanlıspor”, “Yeni Malatyaspor”, “Göztəpə”, “Ankaragücü”, “Beşiktaş”, “Bursaspor” və “Hayduk” (Split) klublarında da forma geyinib. Metehan Mimaroğlu isə son illərdə “Adana Dəmirspor”, “Altınordu” və “Osmaniyəspor” kimi klublarda çıxış edib. 28 yaşlı vingerin də icarə müddəti 1 ildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button