“Evə bir qısmat əppək aparmaq” fəlsəfəsi

Rəşad Ergün

“Sumqayıt” dünən növbəti dəfə uduzub. Bu dəfə də oyun başlayana kimi özündən aşağıda, matç bitəndən sonra özündən yuxarı pillədə olan “Kəpəz”ə. “Sumqayıt” heç, məğlubiyyətlərinə adətkar olmuşuq.

Əsl “kino” oyundan sonra olub. “Sumqayıt”ın məşqçi kimliyi ilə “bığ yerini təzəcə tərlədən” baş məşqçisi Vaqif Cavadov mətbuat konfransında komandasını, məğlubiyyətləri, turnir cədvəlindəki sonuncudan əvvəlki pilləyə pərçim olmalarını bir kənara atıb, düşüb jurnalistlərin üstünə.

Məşqçilikdə “m” hərfi qədər yol getməyən Cavadovun qələm əhlinə xitabən “Səhvlərimi analiz etmək istəyirsizsə, Pro kateqoriyasını oxumalısız” kimi saçma fikirlərini çox da ciddiyə almayıb, başqa bir açıqlamasına diqqət çəkmək istəyirəm.

Beləliklə, “Sumqayıt”ın baş məşqçisi alıb əlinə mikrofonu, deyib:

“Neçə vaxtdır deyirsiz Vaqif Cavadov getsin. Azərbaycanlıları sevmirsizsə, qoy legioner gəlsin işləsin”.

Adaşı Vaqifin Şuşadakı türbəsinə and olsun ki, Vaqif müəllim futbolu nəticə qazanmaq, ölkə futboluna nəsə qazandırmaqla bildiyimiz qazanmaq, dümdüz qazanmaq, cibini doldurmaq, elə azərbaycanlılar demişkən, “evə bir qısmat əppək aparmaq”la qarışdırır. Sən nəticə vermirsənsə, komandan turnir cədvəlində ancaq “bir həsir, bir Məmmədnəsir” “Səbail”i qabaqlayırsa, 10 klublu çempionatda 9-cu pillə kimi heç bir məşqçinin özünə yaraşdırmamalı olduğu yerdədirsə, o postda əbədi qalmaq istəyirsən? Kluba mövsümün harasında gəlirsən gəl, 10 komandalı çempionatda 9-cu pillə heç bir məşqçinin fəxr edəcəyi yer deyil.

Hələ bu yoldaş Vaqif Cavadov özü bir yana, “Kəpəz”in baş məşqçisi Azər Bağırova da qahmar çıxıb. Deyib ki, Azər Bağırov niyə göndərilməlidir? Bağırov göndəriləcək, göndərilməyəcək, bu başqa məsələ. Amma Cavadov baş məşqçi-klub münasibətlərini, azərbaycanlılar-futbol məsələsini yanlış anlayıb. Bu yoldaş elə bilir ki, azərbaycanlısansa, nəticən nə olur olsun, baş məşqçi sən olmalısan, azərbaycanlısansa, ayağı top tutmayan futbolçu da olsan, sən oynamalısan. Yəni, əsas “evə bir qısmat əppək aparmaqdır”.

Bir qərinədən çoxdur başında azərbaycanlıların olduğu, azərbaycanlı məşqçilərin, azərbaycanlı futbolçuların lokomotiv rolunu oynadığı Azərbaycan futbolu – milli komandaları, klubları “acından ölür” – nəticə, uğur aclığı yaşayır. Siz işsiz qalmayasız, baş məşqçilik, futbolçuluq oynayasız deyə, bu yazıq, binəva Azərbaycan futbolu “acından” ölməlidir, yoldaş Cavadov?

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button