Etonun qızının tələbi: “Atamı həbs edin!”
Keçmiş futbolçu, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Etonun qızı atasının bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.
2022-ci ilin fevral ayında dörd illik məhkəmə araşdırmalarından sonra Erika Do Rosario Nieves “Barselona”nın və Kamerun millisinin sabiq hücumçusunun qızı kimi tanınıb. Məhkəmə Etonu ayda 1400 avro məbləğində aliment ödəməyə məcbur edib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, keçmiş futbolçunun bu öhdəlikdən yayındığı iddia olunur. O, 5 illik alimenti ödəmir. Qızın vəkili Fernando Osunanın sözlərinə görə, Etonun 90 min avro borcu var.
“O, qızına beş ildən çoxdur aliment pulu borcludur və məhkəmə qərarına məhəl qoymur. Erikanın maliyyə vəziyyəti çox pisdir, Eto isə lüks həyat yaşayır” – deyə, Osuna bildirib.
Bundan əlavə, vəkil Etonun bütün bu hərəkətlərini nəzərə alaraq, Kamerun Futbol Federasiyasının prezidenti olmasının “anormal” olduğunu söyləyib.
Samuel Eto İspaniyada vergidən yayınmaqda və digər qızlarından birinə aliment ödəməməkdə də təqsirli bilinib.
Erika Do Rosario Nieves Etonun bir il müddətinə azadlıqdan məhrum edilməsini tələb edir. İşə Madrid məhkəməsi baxacaq.
Bizi Facebook-da izləyin