“Azərbaycan futbolunun zəif olmadığını bilirlər, çünki…” – Müsahibə
Estoniyanın “Narva-Trans” klubunda forma geyinən Nurlan Novruzovun Komanda.az saytına müsahibəsi:
- Nurlan, Estoniyada vəziyyət necədir, koronavirusdan sonra normal həyata qayıda bilirsiz?
- Burda hər şey qaydasındadır. Artıq normal həyata qayıtmışıq, çox şükür.
- Azərbaycanda bəzi insanlar virusun varlığına inanmır, sən nə düşünürsən?
- Açığı, mən də koronavirusun olduğuna inanmıram.
- Bəs tanıdıqlarından bu virusa yoluxan olub?
- Xeyr (gülür).
- Estoniyada koronavirusun yayılması pik həddə olduğu zaman sərt tədbirlər görüldü?
- Bəli, hər gün ölənlərin sayı artırdı. Ərzaq dükanlarından və apteklərdən başqa, heç yer işləmirdi. İnsanlar bütün günü evdə olur, çölə çıxmırdılar. Qaydalar sərt idi, yüksək məbləğli cərimələr tətbiq olunurdu.
- Səni də cərimələyiblər?
- Xeyr, mən qaydalara riayət edirdim.
- Estoniya çempionatında yeni mövsümə start verilib. Ancaq komandan uğursuz çıxış edir – 4 oyun və 1 xal.
- Bu, çox pisdir. Bu cür komanda ilə 4 oyundan sonra 1 xal qazanmağımız həqiqətən, şanssızlıqdandır.
- Bunun səbəbini nədə görürsən? Hər oyunda şanssızlıq yaşayırsız?
- Hər oyun yaxşı imkanlarımız olur, qol da vururuq, ancaq sonlarda buraxdığımız toplarla uduzuruq. Adi epizodlarda qapımızda qol görürük.
- Virusun futbolçularda hansısa təsiri qalıb?
- Yox, demək olar ki, heç kim virusdan danışmır.
- Koronavirusa qarşı görülən tədbirlər çərçivəsində Estoniyada oyunlar zamanı nə kimi işlər görülür?
- Oyundan əvvəl hamının temperaturu ölçülür, hər komandaya iki paltardəyişmə otağı verilir, yarı-yarı bölüşürük. Ehtiyat oyunçular iki metr məsafəylə oturur. Qol sevinclərini birlikdə qeyd etməyə, qucaqlaşmağa icazə verilmir.
- Nurlan, estonlar Azərbaycanı tanıyırmı, futbolumuz haqda məlumatları varmı?
- Bəli, var. Klublarımızı yaxşı tanıyırlar, Bakını da bilirlər. Hər kəs Bakının gözəlliyindən danışır.
- Klublarımız haqda nə kimi məlumatları var?
- “Qarabağ”ı Avropadakı çıxışlarına görə demək olar ki, hər kəs tanıyır. “Neftçi”ni, “Keşlə”ni də tanıyırlar. Azərbaycan futbolunun zəif olmadığını bilirlər, çünki Azərbaycanda oynayan eston futbolçular çox olub.
- Sən Estoniyaya gedəndə də bu qədər məlumatlı idilər?
- Bəli, məlumatları var idi. “Levadia”da Dmitri Kruqlov oynayır. Estoniya milli komandasında da çıxış edib. Bir zamanlar Azərbaycanda “Neftçi”, keçmiş “İnter” və “Rəvan”da oynayıb. Onun Azərbaycan haqda yaxşı məlumatı var.
- Əlaqən var, onunla danışırsanmı?
- Hələ qarşılaşmamışam. Başqa şəhərlərdə oluruq. Buna görə də, əlaqəmizin olmaması normaldır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin