
“Belə situasiyalar bizi daha da məsuliyyətli olmağa vadar edir” – MÜSAHİBƏ
“İmişli” 4-cü turda “Sumqayıt”la oyunda texinki məğlubiyyət aldı ki, bu məsələ futbol ictimaiyyətində geniş rezonans doğurdu. Bu kimi məsələlərlə bağlı klubun mətbuat xidmətinin rəhbəri Leyla Behbudlu Komanda.az-ın suallarını cavablandırıb:
– Dördüncü turda baş verən protokol səhvi üzündən komandaya texniki məğlubiyyət verildi. Bu hadisə klub daxilində necə qarşılandı və məsuliyyət kimin üzərinə düşür?
– Həmin turda baş verən protokol xətası təbii ki, klub daxilində hamımızı üzdü. Amma belə hallar futbolda baş verə bilir. Əsas məsələ budur ki, vəziyyətdən düzgün nəticə çıxaraq, gələcəkdə oxşar halların təkrarlanmamasını təmin edək. Hazırda komanda olaraq birlikdə daha peşəkar işləməyə fokuslanmışıq. Təbii ki, məsələ ilə bağlı lazımi addımlar da atılıb və tərəfimizdən Apellyasiya Arbitraj Tribunalına şikayət təqdim olunub.
– Texniki məğlubiyyətə səbəb olan səhvə görə klub daxilində kimlərsə cəzalandırılacaq?
– Protokolun doldurulmasında baş verən texniki xəta təbii ki, klub daxilində ciddi müzakirə olundu, saf-çürük edildi. Amma bizim üçün əsas məsələ bu cür halların gələcəkdə təkrarlanmaması üçün düzgün mexanizmlərin qurulmasıdır. Təcrübədən dərs çıxarmaq və prosesi daha peşəkar şəkildə tənzimləməkdir. Artıq bu istiqamətdə lazımi addımlar atılıb və klub daxilində müvafiq nəzarət mexanizmləri gücləndirilib. İnanırıq ki, bu cür texniki məsələlər növbəti mərhələdə bizim üçün problem olmayacaq.
– Komanda meydanda qalib gəldiyi halda, kağız üzərində məğlub sayıldı. Bu, futbolçuların psixologiyasına necə təsir edib?
– Əlbəttə, komandanın meydanda qalib gəldiyi oyunda belə hadisə ilə üzləşməsi asan deyil. Amma futbolçularımız bu vəziyyətə peşəkar yanaşdılar. Onlar yaxşı bilirlər ki, əsas göstərici meydandakı oyun və mübarizədir. Komandanın ruh yüksəkliyi yerindədir və bu hadisə əksinə, onların daha çox motivasiya ilə növbəti oyunlara hazırlaşmasına səbəb olub. Ki “Karvan”la oyundakı nəticə də (3:0) göz qabağındadır.
– Baş məşqçi Jorj Kaşkilya “Sumqayıt”la matçdan sonra mətbuat konfransına qatılmaq istəmədi. Sizcə, bunun səbəbi nə idi və rəhbərlik bu davranışı necə dəyərləndirir?
– Doğrudur, baş məşqçimiz mətbuat konfransına bir qədər gecikdi. Daha sonra tədbirə qatılaraq, bütün jurnalistlərə gecikdiyi üçün üzrxahlıq etdi. O, işinə həssas yanaşan, yüksək peşəkarlığı ilə seçilən bir mütəxəssisdir. Hər bir oyundan sonra emosiyalar fərqli ola bilər və biz bunu anlayışla qarşılayırıq.
– Meydan sahibi olaraq Quba Olimpiya stadionunu seçmisiz və “Sumqayıt” oyundan sonra meydançanın durumundan narazılığı açıqladı. Buna münasibətinizi bildirərdiz.
– Quba Olimpiya stadionunu seçərkən əsas məqsədimiz həm komanda, həm də azarkeşlər üçün optimal şərait yaratmaq idi. Meydanın durumu ilə bağlı iradları diqqətlə nəzərə alırıq və gələcək oyunlarda şəraiti daha da yaxşılaşdırmaq üçün lazım olan addımları atacağıq.
– Ümumiyyətlə, “İmişli”nin əsas çətinliyi nədir? Klub niyə hələ də struktur baxımından Premyer Liqaya uyğunlaşa bilmir?
– Fikrimcə, “İmişli” Premyer Liqaya uyğunlaşıb. Təbii ki, hər yeni komandada olduğu kimi bəzi çətinliklər ola bilər və bu, tamamilə normaldır. Klub üçün əsas prioritet bu çətinlikləri addım-addım aradan qaldırmaq, oyun keyfiyyətini və komanda koordinasiyasını daha da gücləndirməkdir. İlk dəfə Premyer Liqada çıxış etməyimizə baxmayaraq, inkişafa doğru əmin addımlarla irəliləyirik və bu proses davam edir.
– Mövsümün əvvəlində açıqlanan hədəflərlə indiki arasında fərq var? Texniki məğlubiyyət və digər məsələlər məqsədlərinizi dəyişdirməyib?
– Hədəflərimiz əsla dəyişməyib, əsas istiqamət olaraq qalır. Protokol xətası təbii ki, xoş olmayan haldır, amma bu, məqsədlərimizi dəyişmir. Əksinə, belə situasiyalar bizi daha da məsuliyyətli olmağa, komanda olaraq həm meydanda, həm də meydandan kənarda daha peşəkar yanaşmağa vadar edir. Əminik ki, birlikdə çalışaraq qarşıya qoyduğumuz hədəflərə doğru inamla irəliləyəcəyik.
– Bölgə klubları üçün azarkeş dəstəyi xüsusi önəm daşıyır. “İmişli”nin azarkeşlərlə ünsiyyət və onları oyunlara cəlb etmək baxımından strategiyası nədən ibarətdir?
– Tamamilə haqlısız, bölgə klubları üçün azarkeş dəstəyi xüsusi önəm daşıyır. “İmişli” olaraq biz də hər zaman azarkeşlərimizi komandamızın ən böyük gücü hesab edirik. Onlarla daha yaxın ünsiyyətdə olmaq, oyunlara marağı artırmaq və tribunalarda daim canlı atmosfer yaratmaq üçün mütəmadi danışıqlar və bacardıqca görüşlər həyata keçiririk. İlk dəfə Premyer Liqada mübarizə apardığımız üçün bu proses bizə həm də yeni təcrübə qazandırır. Əminik ki, zamanla azarkeşlərlə əlaqələrimiz daha da güclənəcək və onların dəstəyi bizi irəli aparan əsas motivasiya mənbəyi olacaq.
– Bu mövsümdən sonra “İmişli”nin inkişafı üçün əsas prioritetlər nələrdir?
– “İmişli” üçün əsas prioritet mövsümdən-mövsümə sabit inkişafı təmin etməkdir. İlk dəfə Premyer Liqada mübarizə aparan klub olaraq, hədəfimiz yalnız indiki nəticələrlə kifayətlənmək deyil, uzunmüddətli inkişaf planımız var. Əsas hədəfimiz odur ki, “İmişli” yaxın illərdə Premyer Liqanın sabit və güclü komandalarından biri kimi formalaşsın. Bu yolda qısamüddətli çətinliklər ola bilər, amma biz uzunmüddətli perspektivdə dayanıqlı inkişaf və uğurlara fokuslanmışıq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



