Erməni futbolçu “Qarabağ”a qarşı oynayacaq? – Kurban Berdıyevdən açıqlama
Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Kurban Berdıyev “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, Berdıyev, Konfrans Liqasındakı bütün oyunlarda qələbə qazanmaq istədiklərini deyib:
“Konfrans Liqası və Qazaxıstan kubokunu ayırmırıq, bütün oyunlar bizim üçün vacibdir. Hər iki turnirdə qalib gəlmək istəyirik. “Qarabağ”la Bakıdakı görüşün ilk yarısında olduğu kimi bütün 90 dəqiqəni oynasaq, müsbət nəticəyə nail ola biləcəyik. Komandamızın oyununda müsbət dəyişikliklər görürəm. Ancaq zonalar arasında tarazlığa nail olmalıyıq”.
69 yaşlı türkmənistanlı baş məşqçi, polşalı yarımmüdafiəçi Yatsek Quralskinin hələ tam formada olmadığını deyib. Onun dediyinə görə, Quralski bütün 90 dəqiqə ərzində meydanda ola bilməz:
“Oyunun gedişatına və onun bizə nə qədər faydalı olmasına baxacağıq”.
Berdıyev, Bakıya gəlməyən erməni yarımmüdafiəçi Kamo Ohanesyanın Almatıda meydana çıxma ehtimalından da danışıb:
“Qarabağ”ın sol cinahı çox güclüdür. Bu, hücumun təhlükəli istiqamətidir. Həmin cinahda oynamaq bizim üçün ağır idi. Görək, sabah Ohanesyan start heyətdə oynayacaqmı”?
Noyabrın 4-də Almatı şəhərindəki “Ortalık” stadionunda keçiriləcək “Kayrat” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Bizi Facebook-da izləyin