“Ən güclü rəqib bizə düşdü” – Azərbaycan millisinin baş məşqçisi
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının pley-off mərhələsinin püşkünü dəyərləndirib.
Komanda.az xəbər verir ki, AFFA-nın rəsmi saytına danışan mütəxəssis birinci pley-offdakı rəqib Portuqaliya yığmasının güclü komanda olduğunu bildirib:
“Potensial rəqiblərin hamısı yaxşı idi. Ancaq aralarında ən güclüsü bizə düşdü. Pley-offda zəif rəqib olmur. Portuqaliya yığması barədə geniş danışmağa ehtiyac yoxdur. Onların gücləri hər kəsə bəllidir”.
Əsgərov Portuqaliya yığmasına qarşı layiqli mübarizə aparacaqlarını deyib:
“Boş yerə bu mərhələdə olmadığımızı rəqibə göstərməliyik. Komanda olaraq üzərimizə düşəni artıqlaması ilə etməyə çalışacağıq. Oyunlar oktyabrda keçiriləcəyi üçün hələ vaxtımız var. Maksimum dərəcədə yaxşı hazırlaşacağıq. İnanıram ki, ölkəmizə, millimizə yaraşan oyun nümayiş etdirəcəyik. Son iki ildə bu yerlərə qədər gəlib çıxmağımız sevindirici haldır. Yaddaqalan oyunlar göstərmək istəyirik”.
O, ikinci pley-off mərhələsindəki potensial rəqibləri də dəyərləndirib:
“Məncə, mümkün rəqiblərin duelində Çexiya qalib gələcək. Onlar Avropa çempionatının seçmə mərhələsinin A Liqasında çıxış ediblər. Həmin liqadan gələn komandalar yüksək keyfiyyətə malikdirlər”.
Azərbaycan millisi Portuqaliya yığması ilə ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü oktyabrın 29-da səfərdə keçirəcək. Azərbaycan – Portuqaliya və Belarus – Çexiya cütlərinin qaliblərinin qarşılaşmaları isə noyabrın 27-də və dekabrın 3-də olacaq.
Bizi Facebook-da izləyin