“Ən böyük hədəfim Azərbaycanı ölkə xaricində layinqincə təmsil etməkdir” – “Sumqayıt”ın qapıçısı
Yaxşı futbolçu olmaq üçün mütləq əziyyət çəkməlisən, çox çalışmalısan. Əlbəttə, bunlardan əlavə dünyaya gərək futbolçu istedadı ilə gələsən. Azərbaycanı beynəlxalq arenalarda layinqincə təmsil etmək üçün nə lazımdır?
Komanda.az xəbər verir ki, bu və ya digər sualları “Sumqayıt” Futbol Akademiyasının 14 yaşlı qapıçısı Yusif Həsənov müsahibəsində cavablandırıb.
– Futbola marağın necə yarandı?
– Hələ altı yaşım var idi. Televizorda futbola baxırdım və diqqətimi cəlb etdi. Düşündüm ki, bu idman növü ilə məşğul ola bilərəm. Atam mənə top almışdı. Evdə, məhəllədə onunla hərəkət edirdim. Bundan sonra atam məni Masazırda “Əlincə” futbol məktəbinə yazdırdı. Sonradan klub adı dəyişdirilərək “Xocalı” oldu. Futbolun sirlərini mənə ilk müəllimim İlkin Haciyev öyrədirdi.
– Futbol məktəbinə qapıçı yoxsa başqa mövqe oyunçusu kimi yazıldın?
– Müdafiənin sağ cinahında oynayırdım. Komandada qapıçı olmadığı üçün özümü bu mövqedə kimi sınadım. Atam və müəllimim mənim qapıçı kimi formalaşmağımda böyük dəstək göstərdi. Bakı çempionatında “Xocalı” futbol kulubunun şərəfini qorumuşam. Bir müddət də “Qəbələ” Futbol Akademiyasında olmuşam. 13 yaşlı futbolçular arasında keçirilən Azərbaycan çempionatda iştirak etmişəm.
– Gələcəkdə qarşına hansı məqsədi qoymusan? Yəni, ölkədə qapıçı kimi sözünü deyə biləcək gücü özündə toplaya bilərsənmi?
– Qarşıma qoyduğum ən böyük hədəf Azərbaycanı ölkə xaricində layinqincə təmsil etməkdir. Bunun üçün müəllimlərimin tapşırıqlarını dəqiq yerinə yetirməyə çalışıram. Komandanın qapıçılar üzrə məşqçisi Zakir, baş məşqçi isə Baba müəllimdir. İnanıram ki, müəllimlərimin əziyyətini layiqincə dəyərləndirəcəm. İstər Azərbaycanda, istərsə də ölkə xaricində qapıçı kimi sözümü deməyə qarşıma məqsəd qoymuşam.
– Azərbaycan çempionatında tanıdığın qapıçılardan kimi bəyənirsən?
– Atam mənə mütəmadi futboldan, xüsusən də hər zaman SSRİ çempioantında “Neftçi” nin şərəfini qoruyan Aleksandır Jidkovdan danışır. İnternet üzərindən Jidkovun oyunlarını izləyirəm. İndikilərdən isə “Sabah”ın qapıçısı Yusif İmanovu çox bəyənirəm. Yutub vasitəsilə Kamran Ağayevin çıxışlarını da izləyirəm. Mükəmməl qapıçı olub.
– Hazırda “Sumqayıt”ın U-14 komandasının şərəfini qoruyursan. Çempionat necə gedir?
– Komandamız turnir cədvəlində ikinci yerdədir. Çalışırıq ki, müəllimlərin tapşırıqlarını yerinə yetirək və bütün oyunları qələbə ilə başa vuraq. Amma komandalar da bizə qarşı ikiqat güc sərf edir. Onu da qeyd edim ki, akademiyamızda bizə bütün lazımı şərait yaradılıb. Üzərimizə düşən baxımlı futbol oynamaq, həm müəllimlərimizi, həm də valideyinlərimizi sevindirməkdir. Fürsətdən istifadə edib, mənim üçün əziyyət çəkən, futbolun sirlərini öyrədən müəllimlərimə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda “Qəbələ” Futbol Akademiyasında olduğum dönəmlərdə əziyyət çəkən qapıçılar üzrə məşqçilər olmuş Elçin və Oruc müəllimə də minnətdaram. (Qaynarinfo)
Bizi Facebook-da izləyin