“İstənilən halda, qarşımıza maksimum xal qazanmaq tapşırığı qoyulub” – milli üzvü
Bu gündən təlim-məşq toplanışına start verən futzal üzrə Azərbaycan millisi martın 4-də Bakıda, 5 gün sonra isə səfərdə Moldova yığması ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək hər iki matça hazırlığını Bakı İdman Sarayında reallaşdıran komandanın təcrübəli qapıçısı Emin Kürdov Azərbaycan Futzal Federasiyasının saytına açıqlama verib. O, əvvəlcə Vətən müharibəsində qazanılan qələbəyə toxunub:
“Xalqımızı Vətən müharibəsindəki qələbə münasibəti ilə təbrik edirəm. Şükürlər olsun ki, ərazi bütövlüyümüz təmin edildi, 30 illik işğala son qoyuldu. Buna görə də 2020-ci ili ölkəmiz üçün uğurlu hesab etmək olar. Düzdür, COVİD-19 pandemiyası da ötən ilə təsadüf etdi, amma bu tək bizə deyil, bütün ölkələrə mənfi təsir göstərdi. Ancaq savaş meydanında qazandığımız qələbə müasir Azərbaycan tarixinin ən şanslı səhifəsi oldu. Bu yolda canını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət, saglamlığını itirmiş qardaşlarımıza isə şəfa diləyirəm. İsti evini soyuq səngərə dəyişən, döyüşlərdə iştirak edən əsgərlərimizə təşəkkür edirəm. Əlbəttə, Vətən, torpaq olan yerdə futzal, futbol sonrakı pillələrdə dayanır. Biz öz sahəmizdə nə qədər qələbələr qazansaq da, savaş meydanında əldə etdiyimiz uğurla heç müqayisə oluna bilməz. Şəhid və qazi analarının qarşısında baş əyirəm”.
Kürdov, zala dönüşlərinə sevindikləri qədər ağırlığını da hiss etdiklərini vurğulayıb:
“Pandemiya başladıqdan sonra sonuncu dəfə ötən ilin martında meydana çıxmışdıq. Ondan sonra zalların fəaliyyəti dayandırıldı. Təxminən 10 aydan sonra evimiz qədər doğma hesab etdiyimiz zala ayaq basdıq. Bu nə qədər sevindirici olsa da, ağırlığını da hiss edirdik. Açıq havada nə qədər məşq etsək də, zalda hazırlaşmaq tam fərqlidir. Çalışdıq ki, tez uyğunlaşaq”.
Millinin qələbə qazandığı oyunlara da toxunan qapıçı, xüsusilə də, Slovakiya ilə görüşün çətin keçdiyini bildirib:
“Hər iki oyunda qələbə qazansaq da, Slovakiya ilə qarşılaşma daha çətin keçdi. Yunanıstanla onların meydanında üz-üzə gəlsək də, ilk matçla müqayisədə bir qədər rahat oynadıq. Qazandığımız qələbələr reytinq əmsallarına da təsirini göstərdi. Artıq Avropa üzrə beşinci pillədəyik”.
Moldova millisi ilə keçiriləcək oyunların heç də asan olmayacağını deyən Emin, futzalda zəif rəqibin qalmadığını qeyd edib:
“Bu oyunlara da hazırlaşırıq. Bu gündən isə toplanışımız başlayır. Məşqlərimizi Bakı İdman Sarayında keçirməyimiz üstünlüyümüzdür. Asan oyun olmayacaq. İndi futzal elə səviyyəyə çatıb ki, zəif rəqib anlayışı qalmayıb. İstənilən halda, qarşımıza maksimum xal qazanmaq tapşırığı qoyulub. Buna nail olmaq üçün səfərbər olacağıq. Qrup mərhələsini birinci pillədə başa vurmalı, Avropa çempionatına birbaşa vəsiqə qazanmalıyıq”.
Bizi Facebook-da izləyin