“Əminəm ki, qələbələr də gələcək” – “Kayrat”ın baş məşqçisi

Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasının 4-cü turunda “İnter”lə keçirilən oyunu (1:2) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qazaxıstanlı mütəxəssis komandasının səylərindən razı qaldığını bildirib:

“Biz çox güclü rəqibə – ötən mövsümün Çempionlar Liqasının finalçısına qarşı oynadıq. Rəqibin səviyyəsini yaxşı bilirdik. Futbolçular əllərindən gələni etdilər, onlara təşəkkür edirəm. Matç üçün seçdiyimiz planı yerinə yetirdilər. Bəli, bəzi səhvlər oldu, amma belə rəqib qarşısında bu, təbiidir”.

Urazbaxtin hesab edir ki, bu cür oyunlar komandanın inkişafına böyük təkan verir:

“Bu qarşılaşma bizim üçün dəyərlidir. Belə oyunlar sayəsində inkişaf edirik, daha güclü oluruq və gələcəyə nikbin baxırıq. Əminəm ki, qələbələr də gələcək”.

O, “Kayrat” azarkeşlərinə də xüsusi təşəkkürünü bildirib:

“Tribunada çoxlu azarkeş görmək bizi heyran etdi. Onların “Almatı dünyanın paytaxtıdır” şüarlarını eşitdim. Bu, çox dəyərlidir. Komanda üçün böyük motivasiya oldu. Hətta fasilədə futbolçulara dedik: “Baxın, bu qədər azarkeş sizi dəstəkləyir, meydanda hər şeyinizi verməlisiz”. Uşaqlar əla oynadılar, azarkeşlərə isə sonsuz təşəkkürlər”.

“Kayrat” Çempionlar Liqasının 4-cü turundan sonra 1 xalla turnir cədvəlinin 34-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button