X(h)ədəf
FutbolİSTƏR
Yurçeviçin bəyəndiyi
Sizcə, “Sumqayıt” yeganə klubdur ki, onun oyununa gedəndə bilirəm ki, görəcəyim bütün futbolçuları milliyə dəvət edə bilərəm” deyən Azərbaycan yığmasının baş məşqçisi Nikola Yurçeviç “Sumqayıt” – “Qarabağ” matçında (0:6) kimi, ya da nəyi bəyənə bilərdi?
a) “Sumqayıt”ın “xarizmatik” prezidenti Riad Rəfiyevi;
b) “Sumqayıt”ın çooox ciddi görkəmli baş məşqçisi Ayxan Abbasovu;
c) Sumqayıtın zəhərli havasını;
d) “Sumqayıt”ın yaxşı dizayn edilmiş formasını.
Essyenin gündəliyi
“Real”, “Çelsi”, “Milan” kimi klublarda oynayandan sonra bir gün yolu “Səbail”ə düşən dünya şöhrətli futbolçu Maykl Essyen, yeni komandasının baş məşqçisi Aftandil Hacıyevin onu ehtiyatda saxlamasından sıxılıb, gündəlik yazmağa başlayır. Essyen gündəliyində Bakı, Azərbaycan futbolu ilə bağlı qeydlər aparır:
“Bakı qəribə şəhərdir. Bu şəhərdə az qala hamı avtomobil sürür, hamı siqnal verir. Hər tərəfdə başı göylərə dikilən hündür binalar var. Deyəsən, azərbaycanlılar təbiətdən daha çox, daşı, divarı sevirlər.
Mən əvvəlcə bütün ölkənin Bakı şəhərindən ibarət olduğunu düşündüm. Çünki burda futbol komandaları ancaq Bakıda oynayır. Sonra mənə dedilər ki, yox, bizim rayonlarımız da var. Qismət olsa, bir gün Bakıdan kənara çıxmağı da düşünürəm.
Yeni klubum “Səbail” də qəribə klubdur. Qəribəliyi ondadır ki, komandanı yerli futbol federasiyası saxlayır. Mən bunun necə mümkün olduğunu soruşanda, dedilər ki, hələ bu harasıdır, federasiya başqa klubları da saxlayır. Özü də bunu çox böyük sevinc hissi və fəxrlə dedilər.
“Səbail”lə keçirə biləcəyim ilk oyunda məni ehtiyatda saxladılar. Üstümə də bir adyal atdılar ki, üşüməyim, sağ olsunlar. Azərbaycanda futbol komandaları da qəribədir. Futbolçular meydanda ora-bura qaçırlar, qışqırırlar, top da tez-tez auta çıxır. Hətta düşünürəm ki, topu hər dəfə meydançaya qaytaran uşaqlar futbolçulardan daha çox topa toxunur. Bircə onu bilirəm ki, mənim “Real”da, “Çelsi”də, “Milan”da oynadığım futbolla azərbaycanlıların oynadığı futbol başqa-başqa şeylərdir.
Bilmirəm müqaviləmin sonuna kimi burda qala biləcəm, ya yox. Ancaq hiss edirəm ki, futbol üçün, əsl futbol üçün getdikcə darıxmağa başlayıram. Daha çox darıxmağa başlayanda, klub rəhbərliyi ilə danışıb, getmək istəyəcəyimi deyəcəm. Uzağı bir az pul itirəcəm, olsun. Əsas odur ki, qəribəliklərindən dəhşətə gəldiyim bu şəhərdən, bu klubdan ayrıla biləcəm”.
Elxan Məmmədovun xədəfi
AFFA-nın baş katibi Elxan Məmmədov futbol üzrə dünya və Avropa çempionatlarının seçmə mərhələlərindən əvvəl:
DÇ-2010
“Yeni baş məşqçi ilə əsas xədəfimiz dünya çempionatının final mərxələsinə vəsiqə qazanmaqdır”.
AÇ-2012
“Biz Ferti Foqtsa güvənirik, inanırıq ki, onunla Avropa çempionatının final mərxələsinə vəsiqə əldə edə biləcəyik”.
DÇ-2014
“Bizim Berti Foqtsdan əsas istəyimiz dünya çempionatının final mərxələsinə vəsiqədir. Foqtsun təcrübəsinə güvənərək, bu işi xəyata keçirə biləcəyimizə inanıram”.
AÇ-2016
“Yeni baş məşqçimiz Robert Prosineçki ilə əsas xədəfimiz Avropa çempionatının final mərxələsinə düşməkdir. Milli komandamızın bu xədəfə çatacağına inanırıq”.
DÇ-2018
“Dünya çempionatının final mərxələsində oynamaq başlıca istəyimizdir. Baş məşqçimizin də bu istəyimizdən xəbəri var”.
AÇ-2020
“Yeni baş məşqçimiz Nikola Yurçeviçin bacarığına inanırıq. AÇ-2020-nin final mərxələsində olmaq başlıca xədəfimizdir”.
“Qab”ında olmayan adam
“Zirə”nin çox çılğın və emosional baş məşqçisi Samir Abasov oyun ərzində;
- 4544 dəfə qışqırır,
- 3636 dəfə tullanır,
- 3535 dəfə sol ayağını yerə çırpır,
- 3242 dəfə sağ ayağını yerə çırpır,
- 255 dəfə əl çalır,
- 153 dəfə çömbəlir,
- 122 dəfə qollarını yana açır,
- 116 dəfə ehtiyat oyunçular oturacağına tərəf gedib sonra təkrar geri dönür,
- 110 dəfə əlini cibinə salıb çıxarır,
- 90 dəfə ehtiyatda oturan futbolçulara çevrilib, “hazırlaşın, filankəsi dəyişəcəm” deyib, sonra fikrindən daşınır,
- 50 dəfə ehtiyat hakimin üstünə şığıyıb, ona qışqırır,
- …və nəhayət, “Zirə” hər dəfə uduzur
Hazırladı: Kürşad
Bizi Facebook-da izləyin