Elxan Məmmədovdan AÇ-2020 açıqlaması
“Aprelin 8-də ictimaiyyətə verilmiş məlumatda qeyd olunduğu kimi, AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarında azarkeşlərin iştirakı ilə bağlı bütün müvafiq sənədlər, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı UEFA-ya göndərilib”.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına açıqlamasında Avropa çempionatının Bakıda keçiriləcək oyunlarına azarkeşlərin buraxılması barədə danışarkən deyib.
O bildirib ki, turnirə ev sahibliyi edəcək digər şəhərlər haqqında da ümumi məlumat artıq paylaşılıb: “Sevindirici haldır ki, Bakıda keçiriləcək oyunlar zamanı stadionun tamaşaçı tutumunun 50 faizi qədər azarkeşin qarşılaşmaları tribunalardan izləməsi mümkün olacaq. AÇ-2020-nin təşkil olunacağı digər şəhərlərdə rəqəmlər müxtəlifdir. Ümid edirəm ki, çempionatın keçiriləcəyi bütün şəhərlərdə azarkeşlərin iştirakı minimum 50 faizə qədər təmin ediləcək”.
Məmmədovun sözlərinə görə, mayın 15-də bilet satışı bərpa olunacaq: “Stadionun ümumi tamaşaçı tutumunun cəmi 50 faizinə azarkeşlərin buraxılacağını nəzərə alaraq, futbolsevərlərə biletlər satışa çıxan kimi tələsməyi tövsiyə edərdim. Bizi maraqlı oyunlar gözləyir. Xüsusilə, qardaş Türkiyə millisinin iki oyununun Bakıda keçiriləcəyini bir daha xatırlatmaq istərdim. Özünəməxsus futbol ənənələrinə malik Uels və İsveçrə millilərinin qarşılaşmasının da maraqlı olacağına şübhə etmirəm. Bakı Olimpiya Stadionunda izləyəcəyimiz 1/4 final oyununda isə Avropa çempionu adına iddialı iki komandanın qarşılaşa biləcəyi istisna olunmur. Stadiona girişlə bağlı qaydaları bilet satışı başlamazdan öncə detallı şəkildə təqdim edəcəyik. Sağlam olaq və böyük futbol həyəcanına birgə şahidlik edək”.
Koronavirus pandemiyasına görə təxirə salınmış AÇ-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri də ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.
Bizi Facebook-da izləyin