Elxan Məmmədovun zəkası
Hüseyn Cəbrayıloğlu
Elxan Məmmədov AFFA-nın baş katibi təyin olunanda sütül oğlan idi. Sələfi Fuad Əsədovun yaşı, xarizması ilə müqayisəyə gəlməyəcək tərzdə sütül idi. Ağappaq bənizi əsgərlikdə rayon uşaqlarının şəhərlilərə xitabən “mama uşağı” ifadəsinin tamamən çöhrəsində əks olunduğu bu oğlanın illər ərzində zəkası, diplomatiyası ilə nələr edəcəyini nəinki ölkənin futbol ictimaiyyəti, heç altıncı hissinə güvənən insanlar belə, təxmin edə bilməzdilər. “Başına vur, çörəyini əlindən al” imicli adam yerini möhkəmlətdikdən sonra Ramin Musayev boyda üzü üzlər görmüş, cümləsinin əvvəlində və sonunda and içə-içə evlər, ocaqlar söndürmüş, klubların transfer siyasətinə müdaxilə etmək gücündə olan və edən, klub prezidentlərinin gələcək strategiyasını müəyyənləşdirərkən xüsusi məsləhəti mütləq olan və ən son, ən vacib məqam, AFFA prezidentinin əli çiynində olan adamın oturuşmuş səltənətini məhv etdi. Ən maraqlısı, gülə-gülə, əlini çiyninə qoyaraq, fotoaparatların obyektivinə poz verərək məhv etdi. Hazırda PFL adlı qurumun ölkədə heç rayonların ən aşağı gözlə baxılan “Kommunxoz” qədər də hörməti yoxdur. Vaxtı ilə çempionluqların, vacib matçların taleyinin həll olunduğu kabinetində indi deyilənə görə, Ramin Musayev vaxtını “youtube”da maraqlı videolar izləməklə keçirir.
Məmmədov zamanla müstəqil klubları küncə sıxışdırmağı da bacardı. Onun üçün yeganə təhlükə – tribunada gözlənilməz şüar deyəcək, banner açacaq, hər oyun az qala bir rayonun, şəhərin yox, bütov DİN-i həyəcanda saxlayacaq yeganə klub – “Xəzər Lənkəran” qorxusu yoxdur. Hətta ölkənin ən yaşlı klubunun gecə ilə prezidentini dəyişəndə belə, ajiotaj, azarkeş basqısı hiss etmədi. O, 16 komandalı çempionatı əlində bir ovuc baş məşqçi, futbolçu, menecer səviyyəsinə qədər gətirib, yerləri əl barmaqlarına birləşmiş sapdan asılan kuklalar kimi idarə edir. Həmin sapda prezident də var, baş məşqçi də, futbolçu da. Adam 20-30 yaşları arasında Şərqdə ilk demokratik respublika qurma tarixi olan ölkədə bunları etməyi bacarıb.
Elxan Məmmədov Musayevi, klubları tam zərərsizləşdirdikdən sonra mediaya tərəf boylandı. İlk əvvəl fərdlər üzərində dayandı, onlara yaxınlıq verdi, səfərlərdə yanında yer ayırdı və ilk “kəşfiyyat”ını etdikdən sonra Media Komitəsi adlı qurum yaratdı. Bu zaman tamamən kənarda qalıb, meydanı medianın özünə verdi və… Komitənin idarə heyətinə seçilmək üçün pərdəarxası oyunları, danışıqları, vədləri, qruplaşmaları kənardan, aydın şəkildə izləmək imkanı qazandı. Daha sonra ona göndərilən SMS-lər, kabinetinə açılan yollar, bu zaman qardaşı qardaşın necə vurduğunu, dostun dost dalınca danışıqlarına şahidlik edib, medianı, idman jurnalistlərini böyük ölçüdə tanıdı.
Elxan Məmmədov zəkası mütləqdir ki, “feysbuk” müşahidəsinə də yer ayırsın və ayırır. Burda artıq tanımaq üçün geniş və aydın mənzərə var. Məmmədovla gizlin sövdələşmələrə gedənlər, onun dediyini birəbir edənlər, reklam müqaviləsi üçün bütün pressinq metodlarını işə salanlar, “daş mənə dəyməsin, amma bütün mediaya dəysin” təfəkkürlü adamlar adıçəkilən sosial şəbəkədə birmənalı olaraq “müəllim”, “yaxşı oğlan”, “bizə yazmağı öyrədən, futbolun incəliklərini başa salan dahi”, “ustad” obrazındadır. Məmmədov baxır, düşünür və istehza ilə müşahidə edir. Doğrudan, kiçik bir idman mətbuatı camiəsi qəhrəmanla-anti qəhrəmanı, yaxşı oğlanla-pis oğlanı, haqqın yanında duranla-gizli sövdələşmələrə gedəni bilə-bilə, bu qədər ayırd etməyə meyl göstərmirsə, yaxud bunlar üçün yaxşı oğlan-müəllim bunlardısa, tərifləri saxta, boğazdan yuxarıdırsa, onda mən niyə dəyər verməliyəm? Niyə də, niyə? Bu mənada, baş katib bilir ki, bir gedişi ilə günün narazı tərəfini razı, razı tərəfini isə narazı sala bilər. Həmin an isə bəlkə də, meydandakı didişmədən həzz almaq onun üçün başqa əyləncədir.
Son günlər millinin səfərləri ilə bağlı idman mediasında çaxnaşma düşüb. Bir Allah şahiddir ki, kimlərin səfərə getməsini bilmirəm. Amma Elxan Məmmədov mənim üçün bundan sonra dahidir, strateqdir, böyük zəka sahibidir. Adam idman mediasına layiq olan qiyməti və yanaşmanı edir. Vəssalam! Buna görə, nə ondan, nə də mətbuat departamentindən inciməyə dəyməz. Ölkənin yeganə idman qəzeti “ofsayd”da qalıbsa, bu, Məmmədovun medianın üzərində qələbə şərqisi, qolu, banneri, atəşfəşanlığıdır.
Bizi Facebook-da izləyin