Elxan Məmmədovun ahı
Mız
AFFA-nın Azərbaycan millisinin baş məşqçi postunda işləməyi təklif edib, sillə kimi “yox” cavabı aldığı Karluş Keyruş Kolumbiya yığmasının “sükanı arxasına” keçib.
Adamın AFFA-nın baş katibi Elxan Məmmədova lap ürəyi ağrıyır, yazığı gəlir e. “Başı işləməyən” Azərbaycan futbolunun “baş”ı olan baş katib bir neçə gün əvvəl özü boynuna almışdı ki, Keyruşla Azərbaycan millisində işləməklə bağlı danışıqları olub, amma portuqaliyalı qətiyyətlə “net”, “yox”, “no”, “hayır” deyib. İndi də onun Kolumbiya millisində işə başlayacağı məlum olur…
“Bavariya”da Xames Rodrigesi, “Barselona”da Ceyson Murilyosu, “Monako”da Radamel Falkaosu olan Kolumbiya yığmasında işləməyə nə var e, belə özünə güvənən məşqçisən, gəl bizim Mahirlə, Qarayla, Əfranla, Eminlə, Kamranla işlə, ay Keyruş. Gəl bizimkilərdən futbolçu qayır, hazır futbolçulara başçılıq etməyi Elxan Məmmədov özü də bacarar.
Bax, görəcəksiz, Elxan Məmmədovun ahı Keyruşu tutacaq, Kolumbiya millisində heç bir uğur qazana bilməyəcək. Başqalarının futbolçusu, baş məşqçisi varsa, bizim baş katibin də ahı var!
Mızbaz
Bizi Facebook-da izləyin