Elxan Məmmədov və çevrəsi Komanda.az-dan niyə qorxur?
Rəşad Ergün
AFFA-nın baş katibi və vitse-prezidenti Elxan Məmmədov bu gün jurnalistlər üçün təşkil etdiyi onlayn mətbuat konfransında xeyli lətifə danışıb. Lətifələrinə gülənlər də olub, gülməyənlər də.
Elxan Məmmədovun lətifələrinə gülənlər öz “kruq”u olub. Lətifələrə gülməyənlər isə başı daşlı, ağlar günə qalan Azərbaycan futbolunun gününə ağlayanlardır.
AFFA-da iki ağır vəzifənin yükünü daşıyan Məmmədovun ən gülməli lətifəsi öz işi, fəaliyyəti barədə dedikləri olub. Siz də oxuyun, qəşş edin:
“Məktəbdə bir məllimim vardı. O da soruşurdu ki, özünüz necə qiymətləndirərsiz? Təbii ki, sonda jurnala qiyməti müəllim yazır. Adam özünə qiymət verməz. Mənə qiyməti İcraiyyə Komitəsinin üzvləri verir. Mən baş katib kimi başladım, hazırda icraçı vitse-prezidentəmsə, deməli, nələrisə düzgün etmişəm. Mənə qiyməti məni işə götürənlər verirlər”.
Elxan Məmmədovun danışdığı bu “anekdot” onu “işə götürən” Rövnəq Abdullayevin qulağına çatsa, yəqin qarnını sığallaya-sığallaya qəşş edər. Baş katibin bu lətifəsini onu digər “işə götürənlər” – Elşad Nəsirov, İsgəndər Cavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Elmar Məmmədyarov eşitsə, əllərini bir-birinə çırpıb, pıqqıltı ilə gülərlər. Hələ ola bilsin, Rövnəq Abdullayev dözməz, gülməkdən gözlərindən yaş axa-axa götürüb Elxan Məmmədova zəng edər ki, “mən ölüm, lotusan, məndən də böyük lotu” deyər. Zarafat deyil, adam həqiqətən “anekdot” ustasıdır.
Xülasə, çox yaxşı işlədiyi üçün uzun illər baş katib olan, baş katib olarkən də həddən artıq yaxşı işlədiyi üçün icraçı vitse-prezident təyin olunan Elxan Məmmədov bu gün xeyli lətifə danışıb, qımışıb, gülüb. Məmmədovun Cem Yılmaz-fason komediya məclisinə bir az ciddilik qatmaq üçün ona ünvanlanan sualımız var idi. Amma təəssüf ki, Məmmədovun “məclis”ində Komanda.az saytının əməkdaşına sual vermək fürsəti yaradılmayıb. Əslində gözləyirdim də. Elxan Məmmədov və “əshabələr”inin Komanda.az saytından qaçması, qorxması ilk dəfə deyil. Bu adamlar bizdən qorxurlar. Məmmədov da, AFFA-da əlinin altında işləyənlər də, “Neftçi”yə, “Sumqayıt”a soxuşdurduğu kadrları da. Hər zaman qorxurlar. Müsahibə, açıqlama verməkdən, yazdıqlarımızdan qorxurlar. Bunu illərdir izləyirəm.
Hə, Elxan Məmmədova ünvanlanmasına imkan verilməyən suala gəlincə, sual belə idi:
– Elxan müəllim, 15 ilə yaxındır ki, Azərbaycan futbolunun idarə sistemində əsas fiqurlardan birisiz. Milli komandaların rüsvayçı nəticələri göz önündə, Premyer Liqanın, birinci divizionun vəziyyəti hamımıza məlum, Avropada ortabab kluba göndərməyə futbolçumuz yox. Siz özünüz necə düşünürsüz, Azərbaycan futboluna nə qazandırmısız ki, uzun illər AFFA-da əsas postlardan birində qalmalısız? Suala əlavə olaraq, Avropa Liqasının final matçının, pandemiyaya görə təxirə salınan AÇ-2020-nin bəzi oyunlarının Bakıda təşkili kimi məsələləri lütfən öz uğurlarınız kimi sadalamağa çalışmayın, bunlar sizin yox, Azərbaycan neftinin uğurlarıdır.
Sual hələ də keçərlidir, hörmətli meyxan… pardon, lətifə ustası, istədiyiniz zaman cavablandıra bilərsiz.
Bizi Facebook-da izləyin