Elxan Məmmədova FİFA-da vəzifə verildi
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov mayın 1-dən yeni fəaliyyətə başlayacaq.
Komanda.az xəbər verir ki, o, FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru vəzifəsinə təyinat alıb. O, müxtəlif regionlar üzrə “FİFA forward” layihəsinin icrası, qurumun Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FİFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyəti ilə məşğul olacaq.
Məmmədov AFFA-da 10 ildən çox öncə baş katib, daha sonra isə icraçı vitse-prezident vəzifələrində çalışıb. Yeni vəzifəsində o FİFA-nın idarəetmə və strateji layihələr üzrə direktoru Nodar Axalkatsini əvəzləyəcək.
Təyinatla bağlı danışan FİFA prezidenti Canni İnfantino bildirib ki, Məmmədovun ali futbol qurumunun komandasına qoşulması onların gücünə güc qatır:
“Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona “FİFA komandasına xoş gəlmisən” deyirəm”.
FİFA-nın Paris ofisində fəaliyyət göstərəcək Məmmədovun sözlərinə görə, bu quruma qoşulmaq çox xüsusi bir haldır:
“Bunu məsuliyyət və şərəflə qəbul edirəm. FİFA hazırda futbolu dünyanın hər nöqtəsində əhatə edən lokomotivdir. FİFA komandasıyla və üzvlərimizlə birlikdə əminəm ki, həm qadın, həm də kişi futbolunun inkişafı üçün yeni ideyaların həyata keçirilməsini davam etdirəcəyik. Futbolun idarəedilməsi və davamlı inkişafı mənim üçün ən maraqlı sahələrdəndir və bu mövzuda FİFA və onun prezidenti cənab İnfantino ilə məqsədlərimiz ortaqdır. Son 15 ildə AFFA-da fəaliyyətim mənə idman sahəsində mühüm təcrübə qazandırıb. AFFA prezidentinə və komandamıza uzun və xoş əməkdaşlığımıza, effektiv idarəetmə qurduğumuza, kütləvi futbolun inkişafına və möhtəşəm tədbirlərin təşkilinə görə təşəkkür edirəm. Bu təcrübəni yeni mövqeyimdə daha geniş miqyasda tətbiq etmək üçün əlimdən gələni edəcəyəm”.
Elxan Məmmədov AFFA-da fəaliyyətini İcraiyyə Komitəsinin üzvü və ictimai əsaslarla vitse-prezident olaraq davam etdirəcək.
Bizi Facebook-da izləyin