Elxan Məmmədov Ramin Musayevi “cinayətkar” adlandırdı!
AFFA-nın baş katibi Elxan Məmmədov İTV-də yayımlanan verilişdə qonaq olub.
Məmmədov verilişdə ona verilən “süni tənqid deyəndə kimləri nəzərdə tutursuz” sualına maraqlı cavab verib. Əvvəlcə baş katibin suala cavabı ilə tanış olaq:
“Bizim AFFA-da işləməyimiz bəzi insanları qane etmir. Nəyə görə? Çünki biz bəzi cinayət işlərinin qarşısını alırıq. Danışılmış oyunlara qarşı mübarizə aparırıq. Və təbii ki, bu, bəzi insanların xoşlarına gəlmir, bizə qarşı müxtəlif kampaniyalar aparırlar”.
Əslində, Məmmədov daha əvvəl verdiyi açıqlamaların birində “süni tənqid” deyərkən, jurnalistləri nəzərdə tutmuşdu. Amma İTV-dəki verilişdə səsləndirdiyi fikirlər onun “süni tənqid” deyərkən jurnalistlərdən bəhs etmədiyini göstərdi. Siz indiyədək hansısa azərbaycanlı idman jurnalistinin oyun alıb-satdığını eşitmisiz? Hər halda, bu işlə klub rəhbərləri, futbolçular məşğul olurlar. Azərbaycanda isə son illərdə bəzi futbol matçlarının “qumar”a qoyulmasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və ona yaxın olan çevrənin adı keçib. Belə çıxır ki, AFFA-nın baş katibi eyni binada oturduğu Ramin Musayevi cinayətkar sayır… Hətta “belə çıxmır” da, Məmmədovun “Çünki biz bəzi cinayət işlərinin qarşısını alırıq. Danışılmış oyunlara qarşı mübarizə aparırıq” açıqlaması onun Ramin Musayevi və bəzi klub rəhbərlərini nəzərdə tutduğunu göstərir.
Kürşad
Bizi Facebook-da izləyin