Elxan Məmmədov ölkə rəhbərliyini aldadıb: Hazır olmayan stadionun açılışı necə baş tutub?
“Keşlə” növbəti ev oyununu da Bakıda keçirəcək. Şamaxıya köçüb, bu şəhərin adını daşımalı olan komandanın bölgəyə gedişi ləngiyir.
Komanda.az xəbər verir ki, düzdür, bugünədək klubun konkret nə vaxt Şamaxıya köçəcəyi ilə bağlı rəsmi açıqlama olmayıb. Amma bir müddət öncə, daha doğrusu, martın 6-da baş tutan “Sabah”la matçdan sonra komandanın baş məşqçisi Sənan Qurbanov bu barədə danışmışdı. O, “Keşlə” adı ilə son ev oyununda uduzmalarına təəssüflənmişdi.
Qurbanovun doğru informasiya verdiyini Peşəkar Futbol Liqasının addımları da təsdiqlədi. Qurumun nümayəndələri ötən həftə Şamaxıda yerli stadionu təftiş etdi. Bu isə o deməkdir ki, qarşıdakı turun “Sumqayıt”la oyunu bölgədə baş tutmalıydı. Amma yoxlamadan sonra PFL rəsmiləri açıqlama verib, “Keşlə”nin növbəti turu da paytaxtda keçirməli olduqlarını bildirdilər. Çünki stadion Premyer Liqa matçını qəbul etməyə hazır deyil, problemlər var.
Bu faktlar göstərir ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov dövlət rəhbərliyini aldadıb. Ötən ilin noyabrında Şamaxı stadionunun açılışı üçün dövlət başçısının yanında peyda olan Məmmədov tam hazır olmayan idman qurğusunu öz məqsədləri üçün hazır imiş kimi təqdim edib. Problem o qədər çox imiş ki, hətta onları aradan qaldırmaq üçün aradan keçən 4 ay yarım da kifayət etməyib. Açılış noyabrın 1-də olub, mart yarılanarkən belə, “Keşlə” Şamaxıya köçə bilmir. Hətta stadionun açılışından dərhal sonra klubun adını dəyişməsi, ilin əvvəlində bölgəyə yollanacağı barədə tələsik açıqlamalar da şou imiş.
UEFA-dan verilən sertifikatın saxta olmamasından, dostların köməyi ilə qüsurlara göz yumularaq alınmasından şübhələnmək istəyirsən. Necə ola bilər ki, beynəlxalq sertifikat alan arena PFL tərəfindən Premyer Liqa matçları üçün yetərli sayılmasın?
Bu, Məmmədovun qısa müddətdə ifşa olunan yalanıdır. Halbuki futbol təsərrüfatına rəhbərlik etdiyi 15 il ərzində o, yüzlərcə belə yalan danışıb, vədləri yerinə yetirməyib və fəsadlarını hər gün görürük, futbolumuz uçurumun dibindədir. Ümid edirik, budəfəki yalanına görə ölçü götürülər. Çünki ölkə rəhbərliyini aldadıb, onları istifadəyə hazır olmayan stadionun açılışına dəvət edib, lent kəsdirib… (Futbolinfo.az)
Bizi Facebook-da izləyin