Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan oyunda 12 qol – FOTOLAR

Azərbaycan Minifutbol Federasiyası və “Azfar Group”un dəstəyilə mərhum jurnalist Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunan oyun keçirilib.

Komanda.az xəbər verir ki, xatirə matçında Elnur Əşrəfoğlunun uzun illər kapitanı olduğu AZTV-nin “Telefortuna” və onun azarkeşi olduğu və çalışdığı “Neftçi” komandasının veteran futbolçuları üz-üzə gəlib.

Qarşılaşmadan əvvəl görüş iştirakçıları Elnur Əşrəfoğluyla bağlı xatirələrini bölüşüblər.

Tərlan Əhmədov: “Əvvəlcə bu tədbirin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm. Elnurla iki ildən artıq “Neftçi”də çalışmışıq. Olduqca maraqlı xatirələrimiz var. Onun haqqında keçmiş zamanda danışmaq mənə çox çətindir. Peşəkar, səmimi və ən əsası yaxşı insan idi. Allah rəhmət eləsin”.

Yunis Hüseynov: “Mən hələ “Karvan” komandasında işləyəndə Elnur Əşrəfoğlu ilə gözəl münasibətimiz yaranmışdı. Futbolu yaxşı bilən və ona azarkeşlik edən biri idi. Dəfələrlə xarici səfərlərdə olmuşduq və onunla ünsiyyət qurmaq çox maraqlı idi. Onu hər zaman zarafatçıl və mehriban insan kimi xatırlayacağam. Həqiqətən ölkə idmanı və jurnalistikası üçün böyük itkidir”.

Rəşad Əşrəfoğlu: “Qardaşımın xatirə oyununa bu qədər tanınmış simanın qatılması qürurvericidir. Bu, Elnur Əşrəfoğlunun fəaliyyətinə və onun bu illər ərzində qazandığı hörmətə verilən qiymətdir. Fürsətdən istifadə edib tədbiri təşkil edən Azərbaycan Minifutbol Federasiyasına və “Azfar Group” şirkətinin rəhbərliyinə ailəmiz adından dərin təşəkkürümü bildirirəm”.

Qarşılaşma 6:6 hesabı ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button