Baş məşqçi olmaq istəyən, təkliyi sevən, futbol üçün darıxan Elnur Allahverdiyevlə – MÜSAHİBƏ

Vaxtilə Azərbaycan millisinin formasını geyinmiş (39 oyun), “Neftçi”, “Qarabağ”, “Şəfa”, “Xəzər Lənkəran”, “Turan”, MOİK, “Qəbələ” kimi klublarda oynamış Elnur Allahverdiyevdən uzun zamandır səs-soraq yox idi. Komanda.az bu susqunluğu pozdu. Allahverdiyevlə müsahibə götürmək o qədər də asan olmadı. Amma hər halda, keçmiş müdafiəçi suallarımızı cavablandırmağa razı oldu.

– Elnur bəy, uzun zamandır səsiniz-sorağınız gəlmir. Səbəb nədir?

– İstirahətdə idim, bir az uzun çəkdi. Evimdə, ailəmlə birlikdəyəm.

Kimdənsə və ya kimlərdənsə incimisiz?

– Heç kimdən inciməmişəm.

Futboldan tamamilə uzaqlaşmısız?

– Hələ ki, hə. Amma darıxmışam futbol üçün.

Uzun illər milli komandada və ölkənin aparıcı klublarında oynamısız. AFFA-dan və ya klublardan sizinlə maraqlanan olur?

– Maraqlanan yoxdur. Elxan müəllim (AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov) dedi ki, gəl məşqçilik kursunu oxu, tənbəllik edib getmədim.

Keçmiş futbolçuların çoxu mətbuata danışır, müsahibələr verir. Sizi danışdıran yoxdur, yoxsa özünüz mətbuatdan qaçırsız?

– Özüm istəmirdim. Futboldan uzaq düşmüşdüm axı, nə danışa bilərdim?

Millinin oyunlarını izləyirsiz?

– Bəli.

Millinin nəticələrindən və oyunundan razısız?

– Nəticə yoxdur axı, necə razı olum? İnşallah, bundan sonra yaxşı nəticə olar.

Baş məşqçi Canni De Byazini müdafiə futbolu oynatdığına görə tənqid edirlər. Siz nə düşünürsüz bu barədə?

– Mənim baş məşqçini tənqid etmək fikrim yoxdur. Onu deyə bilərəm ki, müdafiədə olub topu rəqibdən alandan sonra, hücuma keçib qol vurmaq bizdə alınmır.

Futboldan uzaq olduğunuz müddətdə iş təklifləri almısız?

– Xeyr.

Yenidən futbola qayıtmağı düşünürsüz?

– Bəli, baş məşqçi kimi.

Hansı klubda çalışmaq istəyərsiz?

– Məşqçilik lisenziyası alım, sonra bilinər.

“Neftçi”, “Qarabağ”, “Şəfa”, “Xəzər Lənkəran”, “Turan”, “Qəbələ” kimi klublarda oynamısız. Bu klublardan hansını özünüzə daha doğma sayırsız?

– “Xəzər Lənkəran”da maraqlı illərim keçib.

“Turan Tovuz”un Premyer Liqaya qayıtmasına sevindiz?

– Bəli. Premyer Liqada çox komanda olmasını həmişə istəmişəm.

Hazırda Azərbaycan klublarından ən çox hansının oyununu bəyənirsiz?

– “Qarabağ” futbol oynayır, digərləri döyüşürlər.

“Qarabağ” demişkən, komanda sabah Çempionlar Liqasında “Lex” lə (Polşa) qarşılaşacaq. Oyundan necə nəticə gözləyirsiz?

– Sabahkı oyun “Qarabağ” üçün çətin olacaq. Lakin iki oyunun nəticəsinə görə “Qarabağ” mərhələni keçəcək. Çünki “Qarabağ” “Lex”dən güclüdür.

Hər zaman çılğın futbolçu kimi tanınmısız. İndi necə, daha sakit və səbirlisizmi?

– Futboldan kənarda sakitəm. Meydanda isə bir az aqressiv olurdum. Çünki uduzmağı sevmirəm.

Con Toşak “Xəzər Lənkəran”dan gedəndə siz də klubdan ayrılmaq istəmişdiz. Toşakı karyeranızdakı ən yaxşı məşqçi sayırsız?

– Ən yaxşı deyə bilmərəm. Amma yaxşılardan idi.

Keçmiş futbolçu yoldaşlarınızdan kimlərlə əlaqəniz var?

– Heç kimlə. Mən təkliyi sevirəm.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button