
Baş məşqçi olmaq istəyən, təkliyi sevən, futbol üçün darıxan Elnur Allahverdiyevlə – MÜSAHİBƏ
Vaxtilə Azərbaycan millisinin formasını geyinmiş (39 oyun), “Neftçi”, “Qarabağ”, “Şəfa”, “Xəzər Lənkəran”, “Turan”, MOİK, “Qəbələ” kimi klublarda oynamış Elnur Allahverdiyevdən uzun zamandır səs-soraq yox idi. Komanda.az bu susqunluğu pozdu. Allahverdiyevlə müsahibə götürmək o qədər də asan olmadı. Amma hər halda, keçmiş müdafiəçi suallarımızı cavablandırmağa razı oldu.
– Elnur bəy, uzun zamandır səsiniz-sorağınız gəlmir. Səbəb nədir?
– İstirahətdə idim, bir az uzun çəkdi. Evimdə, ailəmlə birlikdəyəm.
– Kimdənsə və ya kimlərdənsə incimisiz?
– Heç kimdən inciməmişəm.
– Futboldan tamamilə uzaqlaşmısız?
– Hələ ki, hə. Amma darıxmışam futbol üçün.

– Uzun illər milli komandada və ölkənin aparıcı klublarında oynamısız. AFFA-dan və ya klublardan sizinlə maraqlanan olur?
– Maraqlanan yoxdur. Elxan müəllim (AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov) dedi ki, gəl məşqçilik kursunu oxu, tənbəllik edib getmədim.
– Keçmiş futbolçuların çoxu mətbuata danışır, müsahibələr verir. Sizi danışdıran yoxdur, yoxsa özünüz mətbuatdan qaçırsız?
– Özüm istəmirdim. Futboldan uzaq düşmüşdüm axı, nə danışa bilərdim?

– Millinin oyunlarını izləyirsiz?
– Bəli.
– Millinin nəticələrindən və oyunundan razısız?
– Nəticə yoxdur axı, necə razı olum? İnşallah, bundan sonra yaxşı nəticə olar.
– Baş məşqçi Canni De Byazini müdafiə futbolu oynatdığına görə tənqid edirlər. Siz nə düşünürsüz bu barədə?
– Mənim baş məşqçini tənqid etmək fikrim yoxdur. Onu deyə bilərəm ki, müdafiədə olub topu rəqibdən alandan sonra, hücuma keçib qol vurmaq bizdə alınmır.

– Futboldan uzaq olduğunuz müddətdə iş təklifləri almısız?
– Xeyr.
– Yenidən futbola qayıtmağı düşünürsüz?
– Bəli, baş məşqçi kimi.
– Hansı klubda çalışmaq istəyərsiz?
– Məşqçilik lisenziyası alım, sonra bilinər.
– “Neftçi”, “Qarabağ”, “Şəfa”, “Xəzər Lənkəran”, “Turan”, “Qəbələ” kimi klublarda oynamısız. Bu klublardan hansını özünüzə daha doğma sayırsız?
– “Xəzər Lənkəran”da maraqlı illərim keçib.

– “Turan Tovuz”un Premyer Liqaya qayıtmasına sevindiz?
– Bəli. Premyer Liqada çox komanda olmasını həmişə istəmişəm.
– Hazırda Azərbaycan klublarından ən çox hansının oyununu bəyənirsiz?
– “Qarabağ” futbol oynayır, digərləri döyüşürlər.
– “Qarabağ” demişkən, komanda sabah Çempionlar Liqasında “Lex” lə (Polşa) qarşılaşacaq. Oyundan necə nəticə gözləyirsiz?
– Sabahkı oyun “Qarabağ” üçün çətin olacaq. Lakin iki oyunun nəticəsinə görə “Qarabağ” mərhələni keçəcək. Çünki “Qarabağ” “Lex”dən güclüdür.
– Hər zaman çılğın futbolçu kimi tanınmısız. İndi necə, daha sakit və səbirlisizmi?
– Futboldan kənarda sakitəm. Meydanda isə bir az aqressiv olurdum. Çünki uduzmağı sevmirəm.

– Con Toşak “Xəzər Lənkəran”dan gedəndə siz də klubdan ayrılmaq istəmişdiz. Toşakı karyeranızdakı ən yaxşı məşqçi sayırsız?
– Ən yaxşı deyə bilmərəm. Amma yaxşılardan idi.
– Keçmiş futbolçu yoldaşlarınızdan kimlərlə əlaqəniz var?
– Heç kimlə. Mən təkliyi sevirəm.
Mehri Qurban
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin