Elnurə Məmmədova Avropa çempionu oldu
İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 3 üzvü mübarizəyə qoşulub.
Əsmər Canqurtaran (50 kq) debütdə macarıstanlı Henrietta Qaala, 1/8 finalda isveçli Neli Yohanssona, 1/4 finalda isə gürcüstanlı Məryəm Qriqalaşviliyə qalib gəlib. Maraqlıdır ki, həmyerlimiz bu qələbələrin hamısını “tuşe” ilə əldə edib. Yarımfinalda yeniyetmələr arasında dünya çempionatının bürünc medalçısı Şevval Çayıra (Türkiyə) məğlub olan Əsmər bürünc medal uğrunda isveçrəli Svenya Yunqoyla güləşib. Rəqibinə 16:11 hesabıyla qalib gələn güləşçimiz Avropa üçüncüsü olub.
Elnurə Məmmədova (55 kq) ilk görüşdə italiyalı İmmakolata Daniseni xalçadan məyus yola salıb – 7:0. Güləşçimiz daha sonra həm macar Roza Senttamasini, həm də bolqarıstanlı Nazpəri Tahiri “tuşe” ilə üstələyərək finala yüksəlib. Həlledici görüşdə rəqib bir neçə gün əvvəl U-17 Avropa çempionatında qızıl medal qazanmış Tuba Demir olub. Türkiyə güləşçisi üzərində 10:1 hesablı qələbə qazanan Elnurə Avropa çempionu olub.
Nigar Mizəzadə (68 kq) təsnifat mərhələsində almaniyalı Sofiya Şaefleyə uduzub – 4:5.
Bizi Facebook-da izləyin