“Elə bir məşqçinin məni istəməsi, çox xoş haldır” – Müsahibə
Azərbaycanlı futbolçu Amit Quluzadənin Bosniya və Herseqovinanın “Çelik” klubuna transfer olunduğunu xəbər vermişdik.
27 yaşlı futbolçu keçidi ilə bağlı Komanda.az saytına müsahibə verib.
- “Çelik”ə keçidin necə baş verdi?
- Mən komandayla birlikdə Antalyada olmuşdum. Əslində, elə orda danışıb, razılaşmışdıq. Amma limit məsələsi var idi deyə, klub mənə gözləməyi məsləhət gördü. Mən də evə qayıtmağımın daha yaxşı olacağını düşündüm, çünki dəqiq heç nə yox idi. 12-14 gün komandayla bərabər olmağıma baxmayaraq, limit məsələsinə görə transfer alınmırdı. İki gün əvvəl komandanın baş məşqçisi mənə zəng edərək, məsələnin həll olunduğunu dedi və Bosniyaya dəvət etdilər. Mən də bu gün (dünən) gəldim və müqavilə imzaladıq.
- Yeni komandanın baş məşqçisi türkiyəli Adnan Örnəkdir. Baş məşqçinin türk olmasını sənin üçün əlavə üstünlük saymaq olar?
- Məni komandaya elə baş məşqçi dəvət elədi. O, Türkiyədə əfsanəvi futbolçu olub. Elə bir məşqçinin məni istəməsi, çox xoş haldır. Düşünürəm ki, komandanın baş məşqçisinin türk olması mənim üçün yaxşıdır.
- Bosniya və Herseqovina çempionatı haqqında məlumatın var? “Çelik”də möhkəmlənməyin üçün hansısa problem görmürsən?
- Dediyim kimi, komandayla bərabər olmuşam. Bu, futboldur, ümid edirəm ki, mənim üçün hər şey yaxşı olar. Bura boş yerə gəlməmişəm. Əvvəl də bir neçə komanda var idi, amma onlarda işlərim alınmadı. Qismət bu günə imiş. Öz üzərimdə çalışıb, özümü bacardığım qədər yaxşı göstərmək istəyirəm.
- Bundan əvvəl Portuqaliyada, Yunanıstanda, Kosovoda legioner karyerası yaşamısan. Bosniya və Herseqovinanın futbolu bu ölkələrin futbolundan nə ilə fərqlənir?
- Düzü, hazırda təkcə komanda ilə bağlı fikir bildirə bilərəm. Komandanın səviyyəsi yaxşıdır. Avropada bu ölkədən olan futbolçular legioner həyatı yaşayırlar. Ona görə də, düşünürəm ki, çox yaxşı səviyyədədirlər. Digər çempionatlarla müqayisə etməyə dəyməz. Çünki hələ ki, burda heç bir oyun keçirməmişəm, digər komandaları görməmişəm. Hansısa təsəvvürüm yoxdur.
- Ölkədən kənarda karyera yaşayan azsaylı futbolçularımızdansan. Səncə, “Çelik”in heyətində mütəmadi oynasan, milli komandaya dəvət alarsanmı? Ümumiyyətlə, milli komandanın rəhbərliyinə özünlə bağlı nə demək istərdin? Səni dəvət edib, şans verməlidirlər?
- Mən burda oynayıb, özümü göstərmək istəyirəm. Çalışacam ki, əlimdən gələni edim. Düşünürəm ki, ondan sonra hər şey qaydasına düşər. Mənim burda göstərəcəyim oyun daha vacibdir.
Kürşad
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin