EJU Azərbaycanda ilk dəfə keçiriləcək yarışdan yazdı
6-7 may 2023-cü ildə Göygöl şəhərində tarixdə ilk dəfə cüdo idman növü üzrə yeniyetmələr arasında Avropa Kuboku turniri keçiriləcək.
Komanda.az xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqvimində olan turnirə 19 ölkədən 300-ə yaxın idmançı qatılacaq.
EJU-nun rəsmi səfhəsində turnirlə bağlı çıxan məqalədə bildirilir ki, Azərbaycan Cüdo Federasiyası yeniyetmələrin inkişafına xüsusi diqqət ayırır və nəticədə yüksək rəqabətli komanda yaranıb:
“Azərbaycan komandası həm oğlanlarda, həm də qızlarda Avropa Turu silsiləsinə daxil olan yarışlarda nəzərə çarpan nəticə əldə ediblər. Belə ki, aprelin əvvəlində Çexiyada keçirilən Avropa Kuboku yarışında Azərbaycan yığması 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. Eynilə, komanda mart ayında Zaqrebdə baş tutan analoji turnirdə də əlamətdar nəticə əldə edib”.
Müəllif qeyd edir ki, Göygöldəki yarışda Azərbaycan milli yığmasının öz azarkeşlərinə unudulmaz anlar bəxş edəcəyi indidən bəllidir.
Daha sonra Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədlinin tək böyüklər arasında deyil, həm də gənclər və yeniyetmələr arasında yarışlarda Azərbaycan milli yığmasının yanında olduğu və bu yarışın Azərbaycanda təşkil edilməsindən böyük məmnunluq duyduğu qeyd edilir.
“Olimpiya çempionu və Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti kimi mən çox şadam ki, ölkəmiz Göygöldə yeniyetmələr arasında Avropa kubokuna ev sahibliyi edəcək. Bu tədbir gənc idmançılara öz bacarıqlarını nümayiş etdirmək və yüksək səviyyədə yarışmaq üçün gözəl imkan yaratmaqla yanaşı, həm də onlara öz azarkeşləri qarşısında bunu etməyə imkan verir və bu da əvəzolunmaz təcrübədir.
Əlavə olaraq onu da qeyd edim ki, bu il Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilib. Göygöldə belə bir mötəbər yarışın keçirilməsi Ulu Öndərin müəyyən etdiyi tərəqqi yolunda güclü və çiçəklənən Azərbaycan üçün idmanın və bədən tərbiyəsinin inkişafına yaxından diqqət göstərilməsi vəzifəsinin yerinə yetirilməsinə və ölkəmizin beynəlxalq aləmdə güclü idman ölkəsi kimi tanıdılması baxışına sadiqliyimizi göstərir.
Həmçinin, turnirin Göygöldə keçirilməsi cənab prezident İlham Əliyevin idmanın regionlarda kütləvləşdirilməsi ilə bağlı verdiyi istiqamətə və tapşırıqlara uyğundur. Prezident İlham Əliyev idmanın sağlam həyat tərzi, milli qürurun və beynəlxalq əməkdaşlığın təşviqi üçün güclü vasitə olduğunu dəfələlərlə bəyan edib. Buna görə də bizim üçün belə bir turnirin təşkili böyük şərəfdir və tədbirin ən yüksək səviyyədə təşkili üçün Azərbaycan Cüdo Federasiyası olaraq əlimizdən gələni edəcəyik. Avropanın hər bir yerindən yeniyetmə cüdoçuların ölkəmizə gəlməsini səbirsizliklə gözləyirik”, – deyə Elnur Məmmədli EJU-nun saytına verdiyi müsahibəsində bildirib.
Bizi Facebook-da izləyin