
Ehtiram Quliyev: “Turan Tovuz”un qarşısına çempionluq hədəfi qoyulub”
“Turan Tovuz” transfer siyasətində yanılmaq istəmir.
Komanda.az xəbər verir ki, bunu “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, komandanın Türkiyədə keçirdiyi təlim-məşq toplanışını dəyərləndirib:
“Türkiyədəki təlim-məşq toplanışımız çox səmərəli keçdi. Baxmayaraq ki, hələ komandanı tam komplektləşdirmək olmadı. Çünki etiyimiz transferlərdə yanılmaq istəmirik. Nəzərə alsaq ki, büdcəmiz o qədər də böyük deyil. Bu işdə səhv etmək şansımızı minimuma endirdik. Bununla belə, əlimizdə olan futbolçularla yüksək səviyyədə hazırlıq keçdik. İlk dəfədir ki, texniki heyətimiz bu qədər güclüdür. Komandaya fiziki hazırlıq mütəxəssisləri cəlb etmişik. Bundan başqa, tibbi personalımızı gücləndirdik”.
Klub rəhbəri transfer çalışmalarını davam etdirdiklərini deyib:
“Azarkeşlərə bildirmək istəyirəm ki, yeni futbolçuların alınması barədə müzakirələr aparırıq. Bundan sonra azı 2-3 futbolçunu da heyətə cəlb etməyi planlaşdırırıq. Skaut heyətimiz bu işin üzərində ciddi çalışır. Transfer etdiyimiz futbolçulardan razıyıq. Baxmayaraq ki, sonradan qoşulan oyunçulardan bəzilərinin fiziki hazırlıq səviyyəsi bizi tam qane etmir. Bununla belə, onlar öz üzərlərində işləyirlər və artım müşahidə olunur. Komandamız Bakıda da hazırlıq keçəcək. Azarkeşlərimiz rahat olsunlar, komandamız yeni mövsümə var gücü ilə hazırlaşır.
Azarkeşlərimiz olmasa, bizim Tovuz şəhər stadionunda yer almağımızın mənası yoxdur. Mənim həyat fəlsəfəm onan ibarətdir ki, bir yerdə yarış varsa, orada qalib olmaq da var. Nə qədər çətin, nə qədər mümkünsüz görünsə də, 2025/2026 mövsümünü qalib kimi başa vurmaq istəyirik. Azarkeşlərdən istəyimiz odur ki, klubun və futbolçuların yanında olsunlar, onları dəstəkləsinlər. “Turan Tovuz” klubunun qarşısına çempionluq hədəfi qoyulub”.
Quliyev komandanın infrastrukturunun gücləndirilməsi işlərinə önəm verdiklərini bildirib:
“Komandaya gəlişimizdən bu yana əsas hədəfimiz infrastrukturu gücləndirməkdir. Lakin düşünmədik ki, Tovuz şəhər stadionu kimin balansındadır və mülkiyyəti kimə qalacaq”.
Bizi Facebook-da izləyin



