Eee, qələbə qazandıq, sonra?

Vüsal “Aydın” Qəmbərov

Dünən Azərbaycan millisi qələbəsiylə bizi təəccübləndirməkdən əlavə, bir də ictimaiyyəti riyazi hesablamalar burulğanına atdı. Artıq B Liqasına vəsiqəni təmin edən qazaxları da udsaq, nə baş verəcək? Bu qələbədən bir xeyir görəcəyikmi?

Belə baxanda, FİFA reytinqində 129-cu sıradan 123-ə sıçramaq kimi “böyük uğur” nəyinizə bəs eləmir? Qazaxıstanı da üstələsək, bir də gördünüz Malavini-filanı da keçib, ilk 120-liyə daxil olduq. Heç zad.

Amma zarafat bir yana, bu qələbə bizə daha artığını verəcək. Belə baxanda, əksəri azərbaycanlı olmasa da, futbolçular da bizim qardaşımızdır. Onların cibinə girən manatlara da sevinməliyik. Bu, başqa söhbətin mövzusudur. Turnirin əhəmiyyətindən danışaq.

Bu UEFA Millətlər Liqası AÇ-2024-ün təsnifatı ilə inteqrasiya edilib. Bu nə deməkdir?

Bu turnirin nəticələri iki şeyi müəyyən edir. Onları başa düşmək lazımdır.

  1. A, B və C liqalarından hərəsindən bir komanda pley-off vasitəsilə AÇ-yə gedəcək.
  2. AÇ-nin əsas təsnifat turnirinin püşkündə komandalar səbətlərə Millətlər Liqasındakı nəticələrinə görə bölüşdürüləcək.

İkisi ilə də bağlı çaşqınlığı yerbəyer edək.

Əslində bu yazını 4-5 gün sonra da yazmaq olardı. Amma biz ümumi məlumat verək, yekunu daha rahat anlamaq imkanı olsun.

Liqa qaliblərinin AÇ-yə vəsiqəsi

Burada bizi təbii ki, ancaq C liqası maraqlandırır. 4 qrupdan 3-ündə qalib artıq məlumdur: Türkiyə, Yunanıstan və Qazaxıstan. Gürcülər isə bu gün Şimali Makedoniya ilə heç-heçə edərsə, 4-lü formalaşacaq. Reqlamentə əsasən, bu 4-lü öz arasında 1 vəsiqəni bölüşdürməlidir. Bilet də çörək olmadığına görə bölüşdürmək yox, bu biletdən ötrü bir-birini qırmaqdan söhbət gedəcək. İşdi şayət, bu 4-lüdən hansısa əsas təsnifat turu ilə AÇ-yə vəsiqə qazanmış olsa, o zaman onları 2-cilərdən biri əvəz edəcək. Və bu birini yenə 2-cilərin sıralaması müəyyən edir.

Bu anlamda durum necədir? Hazırkı nəticələrə əsasən, biz 2-cilərin arasında 3-cüyük. Lüksemburq 5 oyunda 8 xalla bizdən 1 xal artıq yığıb, Şimali Makedoniya isə 4 oyundan bizimlə eyni sayda xal yığıb və daha yaxşı top fərqinə (+3) malikdir. Lüksemburqun son matçda Litva ilə evdə oynadığını nəzərə alanda, Qazaxıstanı udsaq belə, 2-cilərin ən yaxşısı olmağımız real görünmür. O zaman biz Türkiyə, Yunanıstan, Gürcüstan və Qazaxıstandan 1-i yox, 2-sinin təsnifatdan birbaşa vəsiqə qazanmasına ümid etməliyik. Çünkü 2-cilərin 2-cisi olmağımız daha realdır. Bu anlamda, Slovakiya ilə oyundakı qələbə bizi irəli atdığı kimi, deyəsən, Türkiyənin 4 darmadağından sonra evdə Lüksemburqa xal verməsi işlərimizi korlayan faktor olacaq.

Təsnifatın səbətləri

Bu haqda danışılmasa da, bu ən vacibidir. Həm 2-cilərin ən yaxşısı olmaq ehtimalımızı, həm də 4-lünün gücünü və təsnifat vasitəsilə AÇ-yə getmək şanslarını düşünəndə, 1-cidən əlimizi üzə bilərik. Amma təsnifat mərhələsinin səbətlərində mümkün qədər yuxarıda mövqe tutmaq lazımdır.

Reqlamentə əsasən, Millətlər Liqasının yekun nəticəsinə görə komandalar sıralanacaq. Bu da liqa reytinqi və komandaların tutduğu sıraya əsasən bir sıralamadır. “Live rejim”də baxanda 39-cuyuq və Qazaxıstan üzərində qələbə ilə buradan aşağı düşməyəcəyimizi, hətta 37-38-ə qədər qalxa biləcəyimizi nəzərinizə çatdırım. Belə olan halda biz avtomatik olaraq 4-cü səbətdə qərar tuturuq. Türkiyə və Yunanıstanla birlikdə… Rusiyanın diskvalifikasiyasından sonra əslində işlər bir az sadələşib. C liqasının ilk 10 komandası 4-cü səbətə yerləşir. 6-cı səbətdə isə bu dəfə cəmi 3 komanda olacaq. Yəni cəmi 3 qrupda 6 komanda olacaq ki, bu qrupların əksəriyyətində 5-ci səbətin komandasının sonuncu komanda olması deməkdir.

Biz əslində motivasiyasız olsa da, bəxtlə olsa belə, Slovakiyanı udmaqla özümüzü böyük bir problemdən xilas etmiş olduq. Düzdür, Slovakiya, Bolqarıstan və Şimali İrlandiyanın hazırda 5-ci səbətə dığırlanması ehtimalı da var. Amma o qədər bəxtsizlik olmaz, ümid edək… Bəxt limitimizi dünən bitirmədik ki…

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button