“Düşünmürəm ki, milliyə sifarişlə oyunçu dəvət olunsun” – Rəşad Sadıqov
“Zirə” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda evdə “Sabah”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan matçdan sonra paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov hər iki komanda üçün ağır oyun olduğunu bildirib:
“Hər iki komanda üçün ağır oyun oldu. Gözlənilən idi. Hər iki komanda qələbə qazanmaq üçün gərgin mübarizə apardı. Oyunun əvvəli gözləmədiyim kimi oldu. Qol buraxdıq. Sonrakı 60-65 dəqiqə oyuna nəzarət edə bildik. Psixoloji cəhətdən də oyunçularımız üçün yaxşı oldu. “Sabah” kimi komanda ilə oyunda bir xal qazandıq. Düşünürəm ki, oyunun nəticəsi ədalətli oldu.
İkinci hissədə yüz faiz şanslarımız olmadı. Sevindirici haldır ki, oyunun son dəqiqələrində fərqləndik və “Sabah”ı üç xal qabağa keçməyə qoymadıq. Yenə də deyirəm ki, hesab oyuna görə oldu.
Papunaşvili uzun müddət zədəli idi. Çıxışından razıyam, məşqlərdə də özünü yaxşı göstərir. Bir növ, ona qarşı ehtiyatlı davranırıq ki, yenə uzunmüddətli zədələnməsin.
Son günlər mətbuatı izləyirəm. Demək olar ki, milli ilə bağlı sual bütün məşqçilərə ünvanlanıb. Düşünmürəm ki, milliyə sifarişlə oyunçu dəvət olunsun. Bunu daha geniş zamanda oturub təhlil etmək lazımdır ki, 2010-cu ildə milliyə hansı oyunçular dəvət olunub. Bunları araşdırmaq lazımdır. Ümumən, mən inanmıram kimsə zəng vurub desin ki, hansısa oyunçunu meydana burax”.
“Zirə” növbəti turda səfərdə “Araz Naxçıvan”la üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin