Dünən bombardir, bu gün fəhlə: “Orda sadəcə pul yeyirlər” – Müsahibə
AFFA İcraiyyə Komitəsinin son iclasından sonra qarşıdakı mövsümdə də Azərbaycan Premyer Liqasında 8 komandanın iştirak edəcəyi dəqiqləşdi. Bu isə futbol ictimaiyyəti arasında narazılığa səbəb olur, Premyer Liqanın Bakı çempionatına çevrildiyini deyir çoxu. “Kəpəz”in sabiq futbolçusu, Azərbaycan çempionatının bombardiri olmuş Rövşən Əhmədov da narazıdır, həm də çox narazı.
Onunla müsahibə zamanı ürəyinin dolu olduğunu hiss etməmək mümkün deyildi:
- Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqından gözləntiləriniz nələrdir?
- Gözləntilərim çox yaxşıdır, belə bir qurumun yaradılmasını bəyənirəm.
- Sizcə, bu qurumun yaradılmasının nə kimi faydaları olacaq?
- Bu qurumun faydaları çox ola bilər. Bu təşkilatın bütün veteran futbolçulara, məşqçilərə, bu kimi insanların hamısına köməyi ola bilər, ola bilər yox, olacaq.
- Vaxtilə siz “Kəpəz”in əsas simalarından hesab olunurduz. İndi isə bu klub bərbad vəziyyətdədir. Doğma klubunuzun bu durumunun günahını nədə, kimdə görürsüz?
- Bunun günahını mən federasiyada görürəm. Çünki Azərbaycanda futbolun inkişafından danışırlar, amma ümumiyyətlə inkişaf yoxdur, yox dərəcəsindədir. Bakıda 8 komanda oynadıb, adına inkişaf deyirlər. Onsuz da səviyyə getdikcə aşağı düşür. Bunlar elə fikirləşirlər ki, inkişaf edirik, amma belə bir şey yoxdur. AFFA rəhbərliyi də yaxşı bilir ki, bu vəziyyətdə inkişaf olmur. Yeri gələndə, veteran futbolçuların içərisindən özləri 5-6 nəfər kimi istəyirlərsə, hansısa vəzifəyə qoyurlar, ordan çıxarıb, başqa yerə qoyurlar. Hansı ki, bu insanlar o birilər kimi futbol oynamayıblar. Mən isə Azərbaycan çempionu olmuşam, üç dəfə kubok qaldırmışam, bürünc medal qazanmışam, iki dəfə bombardir olmuşam, millidə oynamışam. Belə vəziyyətdə iş də vermirlər. Heç bir şeyə reaksiya da göstərmirlər. Onlar istəyirlər ki, özlərinin içərisində olan 5-6 nəfər dolansın, başqa heç kim yoxdur onlar üçün.
- Belə başa düşdüm ki, bölgələrdə futbolun inkişaf etməməsinin səbəbini də bunda görürsüz.
- Əlbəttə, inkişaf getmir. Futboldan anlaşıyı olmayan 5-6 nəfər veteranı yığıblar AFFA-ya. Ümumiyyətlə, futbol oynamayan adamları seçiblər ora. Veteranlar Şurası deyilən qurum var, yəni veteran futbolçulara kömək etməlidirlər. Oqtay Abdullayevi də Veteranlar Şurasının sədri seçiblər. O futbol oynayıb ki, inkişaf da gedə? Bir iş də görülmür. AFFA-dan bunun üçün pul ayrılır. O pul da Bakıda oturan 5-6 nəfərə xərclənir. Oqtay Abdullayev də deyir ki, Gəncədə və başqa yerlərdə iki nəfəri çıxmaq şərti ilə, futbolçu olmayıb. Oqtay müəllimə demək lazımdır ki, mən oynadığım futbolun bir saniyəsini belə oynamamısan. “Neftçi”də iki dəfə futbol oynamısan, deyirsən ki, futbolçu yoxdur. Sən özün futbolçu olmusan ki?!
- “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının final oyunu üçün Bakıya gəlməməsi xeyli müzakirə olundu. Bu müzakirələrin fonunda ortaya bizdə Mxitaryan kimi futbolçuların yetişməməsi ilə bağlı sual çıxır. Siz səbəbi nədə görürsüz? Niyə Azərbaycanda Avropa çempionatlarında oynaya biləcək səviyyədə futbolçu yetişmir?
- Bizdə futbolçuların xaricdə oynaması üçün də gərək müəyyən mühit olsun. Bizim çempionatımızın səviyyəsi yox dərəcəsindədir. Ermənistanı bəyənmirlər, amma onların çempionatı bizimkindən yaxşıdır. Onlarda komanda sayı bizdəkindən də çoxdur. Bizdə 8 klub var, olanlar da Bakıdadır. Bunu Bakı çempionatı etsinlər, birdəfəlik bağlasınlar bu mövzunu. Bu vəziyyətdə inkişaf getməyəcək. Boş yerə Əlini götürüb Vəlinin yerinə qoyurlar, Vəlini başqa yerə qoyurlar. Belə şey olar? Guya xaricdən məşqçi gətiriblər, nə qədər pul verirlər ona. U-21-ə də xarici məşqçi gətiriblər. Ölkəmizdə məşqçi yoxdur ki?! İcazə verin, işləsinlər də. Onsuz da Avropa çempionatına vəsiqə qazanası da deyilik. Məni də qoysalar, Vəlini də qoysalar, qrupdan çıxası deyilik. Öz məşqçimiz işləyib, bir az kömək olsun. Heç olmasa, məşqçilər inkişaf eləsin.
- Belə başa düşdüm ki, millinin qarşıdan gələn oyunlarından da müsbət nəticə gözləmirsiz…
- Yenə deyirəm, heç nəyin xeyri yoxdur. Milliyə kimi baş məşqçi qoysalar da, xeyri olmayacaq. Orda sadəcə pul yeyirlər. O pulu Azərbaycanda iki kluba xərcləmək olar. Ona verdiyiniz pulu verin Mingəçevirin, Gəncənin, Şəmkirin komandalarını yaradın, qoyun oynasınlar. Onlara bu üsul sərf etmir, ona görə də, belə edirlər.
- Siz hazırda hansı işlə məşğul olursuz?
- Hazırda fəhləlik edirəm.
- Bəs sizə indiyə qədər futbolda işləmək təklifi olmayıb?
- Xeyr, Gəncədə və həvəskarlar liqasında çalışmışam,amma bunların elə bir qiyməti, dəyəri də yoxdur. Bu insanlar işləməyimizi istəmirlər. Bir dəfə yoxlasınlar da… Elə yoldan keçəni gətirib salırlar “Kəpəz”ə. Futboldan anlayışı olmayanları da gətirib işlədirlər. Başqa insan yoxdur yəni? Gətirin “Kəpəz”də, digər rayonların komandasında işləsin. Ancaq öz adamlarını yanlarında istəyirlər.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin