Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi
Dünyanın ən yaşlı olimpiya çempionu, macarıstanlı Aqneş Keleti 103 yaşında vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.
O, 104 yaşına bir həftə qalmış vəfat edib. Macarıstanın baş naziri Viktor Orban sosial şəbəkədə onun xatirəsini yad edib. O, Keletinin olimpiadalarda idman gimnastikası üzrə beş qızıl medala sahib və ölkənin ən tanınmış idmançılarından biri olduğunu qeyd edib.
Yəhudi millətindən olan idmançının atası İkinci Dünya Müharibəsi dövründə faşist Almaniyası tərəfindən törədilən Holokostun qurbanı olub. Atası Polşanın Osvensim şəhərində həbs düşərgəsində həlak olub. Anası və bacısı xilas edilib, özü isə müharibə zamanı saxta sənədlərlə kəndlərin birində gizlənib.
1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilən Yay Olimpiya Oyunlarından sonra Keleti bir neçə idmançı ilə birlikdə Avstraliyada siyasi sığınacaq istəyib. Daha sonra İsrailə köçüb və orada uzun illər idman gimnastikası üzrə məşqçi işləyib. O, yalnız 2015-ci ildə vətəni Macarıstana qayıdıb.
Keleti 1952 və 1956-cı illərdə keçirilən Olimpiya Oyunlarında çempion titulunu əldə edib. Bundan başqa, onun aktivində üç gümüş və iki bürünc medal var. İdmançı həmçinin 1954-cü ildə dünya çempionu adına da yiyələnib.
Bizi Facebook-da izləyin