Dünyadan xəbərsiz… Ya da, dünyanın ən nikbin adamı
Kürşad
“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli komandasının Misli Premyer Liqasında neçə oyunda uduzduğundan, neçə xal topladığından, turnir cədvəlində neçənci yerdə olduğundan xəbərsizdir. Ya da, Vüqar bəy nəinki futbol dünyasının, ümumiyyətlə, dünyanın ən nikbin insanıdır.
Deməli, Premyer Liqanın 5-ci turunda keçirilən oyunda “Şamaxı” öz meydanında, avtobusu olmayan, hələ klub kimi tam formalaşmayan “Turan Tovuz”a minimal hesabla uduzub. Əsgərli oyundan sonra keçirilən mətbuat konfransında nə desə yaxşıdır? Oxuyaq:
“Hesaba baxmayaraq, komandamın əla oyun nümayiş etdirdiyini düşünürəm. Bu komanda ilə fəxr edirəm. Strategiyamızı davam etdirəcəyik”.
Hə, “Şamaxı”nın baş məşqçisi ya turnir cədvəlinə baxmır, ya da, doğrudan da, dünyanın ən nikbin adamıdır. Hər ehtimala qarşı, “Şamaxı”nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynin Peşəkar Futbol Liqasının rəsmi saytında Premyer Liqanın turnir cədvəlini Əsgərliyə göstərməsində fayda var. Mütləq Peşəkar Futbol Liqasının rəsmi saytı olmalıdır. Allah eləməmiş, birdən Vüqar Əsgərlini inandırmaq mümkün olmaz. Ki, komandası yeni mövsümdə Premyer Liqada 5 oyun keçirib, 4 dəfə məğlub olub, cəmi 1 dəfə heç-heçə edib, 2 qol vurub, 10-nu buraxıb, turnir cədvəlində də 1 xalla, “qaçqın” “Kəpəz”dən bir pillə yuxarıda – 9-cu yerdə oturub.
Hökmən turnir cədvəlini Əsgərliyə göstərmək lazımdır, hökmən. Bəlkə, doğrudan da, “Şamaxı”nın hazırkı mövqeyindən xəbəri yoxdur, o üzdən hər oyundan sonra “bu komanda ilə fəxr edirəm” deyir. Yoxsa, adam 5 oyunun 4-də uduzub, birində heç-heçə edən komanda ilə niyə fəxr etsin ki? Təbii, dünyanın ən nikbin, heç nəyi ciddiyə almayan adamı deyilsə…
Bizi Facebook-da izləyin