Dünya Kuboku Azərbaycanda keçiriləcək

Bu gün Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin onlayn iclası keçirilib.

Komanda.az xəbər verir ki, UWW-nin Büro Üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyevin də qatıldığı vebinarda bir sıra yarışlarla bağlı önəmli qərarlar verilib.

Daha öncə təqvimdə ilin ilk reytinq turniri kimi nəzərdə tutulmuş “Matteo Pellikone” yarışı İtaliyada Omikron virusunun geniş yayılması üzündən təxirə salınıb. Belə ki, İtaliya hökumətinin məlum səbəbdən tətbiq etdiyi sərt məhdudiyyətlər UWW-ni bu addımı atmağa vadar edib. Romadakı yarış 22-25 iyun tarixlərində keçiriləcək. Belə olan halda ilk reytinq yarışı fevralın 24-dən 27-dək İstanbulda təşkil olunacaq ənənəvi xatirə turniri olacaq. İkinci reytinq yarışı Qazaxıstanda (2-5 iyun), mövsümün son reytinq turniri isə Tunisdə (14-17) baş tutacaq.

UWW-nin prezidenti Nenad Laloviç məsələylə bağlı bunları deyib: “İnanırıq ki, bu dəyişikliklər hər il keçirilən reytinq yarışlarına fayda verəcək. Bu turnirlərdə güləşçilərə xallar veriləcək. İlin sonunda toplanan xallara əsasən ən yaxşı güləşçilər müəyyənləşəcək”.

Tədbirdə ilin sonunda keçiriləcək Dünya Kubokunun məkanları da müəyyənləşib. Sərbəst və qadın güləşi üzrə Dünya Kuboku 2022-23-cü illərdə İovada (ABŞ) təşkil olunacaq. Yunan-Roma güləşi üzrə analoji yarış isə ölkəmizə həvalə olunub. Bu il noyabrın 5-6-da keçiriləcək yarışa Bakı ev sahibliyi edəcək. Əvvəlki illərdən fərqli olaraq bu dəfə Dünya Kubokunda 8 yox, 6 komandanın iştirakı nəzərdə tutulub. Belə ki, ötən il Norveçdə keçirilən dünya çempionatında komanda hesabında ilk “5-lik”də yer alan Rusiya, İran, Azərbaycan, Gürcüstan və Türkiyə ilə yanaşı, dünya yığması (All Star) kubok uğrunda mübarizə aparacaq. Yunan-Roma güləşi üzrə Dünya Kuboku 5 illik fasilədən sonra keçiriləcək. Klassik güləş üzrə millimiz 1 dəfə kuboku başı üzərinə qaldırıb. Komandamız 2015-də Tehranda kubokun sahibi olub.

Daha sonra ölkəmizdə iki dəfə (2004, 2012) sərbəst güləş üzrə Dünya Kuboku keçirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button