Dünya kuboku: Azərbaycan komandası ilk dəfə finalda

İsveçrənin Sankt Morits şəhərində təşkil olunmuş qarüstü polo üzrə 37-ci Dünya kuboku davam edir.

Komanda.az xəbər verir ki, 6 komandanın iştirak etdiyi nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının “Land of Fire” komandası təmsil edir.

Yanvarın 27-dən start götürən yarışda “Land of Fire” komandası bu gün ikinci matçına çıxıb. İlk oyunda “Perrier Jouet” kollektivini üstələyən poloçularımız yarımfinal mübarizəsində 2019-cu ilin çempionu “Badrutts Palace” ilə üz-üzə gəlib.

Oyunun əvvəlində hesabda geri düşən “Land of Fire” əzmkarlıq nümayış etdirərək yekunda 4:2 hesablı qələbə əldə edib və turnirin final matçına vəsiqə qazanıb.

Komandamızın kapitanı Elçin Camallının rəhbərliyi altında poloçularımızın həlledici görüşdə rəqibi “Clinique La Prairie” komandası olacaq.

Final matçı yanvarın 30-da keçiriləcək. Həlledici oyuna Bakı vaxtı ilə saat 17:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button