Dünya çempionatında daha 2 çəkidə “üçlük” bəlli oldu
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günə yekun vurulub.
Komanda.az xəbər verir ki, döyüşlərin yekununa əsasən qadınlarda 62 kq, kişilərdə 74 kq çəkilərdə mükafatçılar bəlli olub.
Hər iki çəki dərəcəsində yarımfinal və final döyüşlərini Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax, Dünya Taekvondosunun (WT) prezidenti Çunqvon Çu, Azərbaycan gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov da izləyiblər. Onlar görüşlər başa çatdıqdan sonra idmançıların mükafatlandırma mərasimində iştirak ediblər.
BOK prezidenti yarımfinaldan öncə dünya çempionatında iştirak edən qaçqın komandası ilə də görüşüb. Qonaqlar həmçinin Bakı Kristal Zalında Dünya Taekvondosunun stendi ilə tanış olub, digər stendləri nəzərdən keçiriblər. Onlar “Demo Team”in şousunu da izləyiblər.
Qadın taekvondoçuların mübarizəsində qalib adını Liliya Kuzina (Dünya Taekvondosu) qazanıb. O, finalda braziliyalı Karolina Santosu məğlub edib. Bürünc medallara Feruza Sadıkova (Özbəkistan) və Aaliya Povell (Böyük Britaniya) sahib olublar.
Kişi taekvondoçular arasında Marko Qolubiç (Xorvatiya) dünya çempionu tituluna yiyələnib. Gümüş mükafatı Stefan Takov (Serbiya), bürünc medalları Leon Seyranoviçlə (Avstraliya) Kadirbek Daurov (Dünya Taekvondosu) əldə ediblər.
Azərbaycan taekvondoçularından Eltac Qafarov 1/4, Fatimə Məcidova 1/16 finalda məğlub olub.
İyunun 4-də keçiriləcək 2 çəki dərəcəsindən sonra dünya çempionatı başa çatacaq.
Bizi Facebook-da izləyin