“Gücümüzü sözdə yox, meydanda göstərməliyik” – Azərbaycan millisinin üzvü
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 14-də Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini davam etdirir.
Komanda.az xəbər verir ki, zədə səbəbindən Slovakiya yığmasına qarşı çıxış etməyən Tyaqo Bolinya və Hadi Ahmadi də kollektivə qoşulub.
Dünənki məşqdən sonra komandanın hücumçusu Bolinya Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib:
- Zədən nə yerdədir?
- İki gündür ki, komanda ilə birgə məşq edirəm. Məşq zamanı zədə almışdım və çox çətin idi. İndi özümü yaxşı hiss edirəm. Topla çalışmaları yerinə yetirən zaman yüngül də olsa ağrı hiss edirəm.
- Baş məşqçi şans versə, meydana çıxa biləcəksən?
- Əlbəttə, özümü oyuna tam hazır sayıram. Yüngül ağrı meydana çıxmağıma mane ola bilməz. Həkimin köməyi ilə ağrıya da qalib gələcəm.
- Yunanıstanla artıq bir dəfə qarşılaşıb millimiz. Bu rəqiblə bağlı nə düşünürsən?
- Kimsə düşünə bilər ki, filan komanda zəifdir və ya asan məğlub ediləcək. Amma mənim üçün zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdır. Yunanıstan Moldova ilə oyunda heç-heçə etməklə bunu sübut etdi. Biz də gücümüzü sözdə yox, meydanda göstərməliyik.
- Məqsədinə çatmış millimizi bu oyuna stimullaşdıracaq məqam hansıdır?
- Biz bu oyunun favoritiyik. Rəqibə hörmətlə yanaşsaq da, bunu deməliyəm. Motivasiya bütün oyun üçün olur. Biz qələbə ilə başlamışıq, qrup mərhələsini də 3 xalla yekunlaşdırmalıyıq. Reytinq xallarımızı artırmalıyıq, doğma meydanda oynayırıq, onu özümüz üçün üstünlüyə çevirməliyik.
- Slovakiya ilə səfər oyununda iştirak etmədin. Televiziya vasitəsilə komanda yoldaşlarını izlədinmi?
- Levice şəhərinə getməsəm də, oyunu izlədim. Həmin vaxt Bakıda fizioterapiya və reabilitasiya keçdim və görüşü izləmək imkanım oldu. Üzvü olduğun komandanın oyununu azarkeş kimi izləmək çox çətindir. Əlbəttə, istərdim orda olum, meydana çıxım, amma vəziyyətim buna imkan vermədi. Çətin bir görüş oldu.
- Millimiz necə oynadı?
- Baş məşqçinin tapşırıqlarını yerinə yetirdilər. Heç-heçə yaxşı nəticə idi. Slovakiya heç də zəif komanda deyil. Həm də qazanılacaq 1 xal bizi qrup qalibi edəcəkdi ki, bunu da əldə etmək mümkün oldu. Uşaqlar çətin sınaqdan üzüağ çıxdılar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin