“Dükan” Şamaxıda, sahibləri Bakıda
Kürşad
Zaur Axundovla Elxan Məmmədovun şərikli “dükan”ı olan “Keşlə”nin adının dəyişdirilərək, “Şamaxı” olacağı, eyniadlı şəhəri təmsil edəcəyi xəbərinə sosial şəbəkədə müxtəlif reaksiyalarla qarşılaşdım. Sevinən də var, ələ salan da.
Bu “Keşlə” bineyi-qədimdən maraqlı komanda olub. Təkcə “Xəzər Universiteti” adını silib üzərindən ataraq “İnter”ə, daha sonra “Keşlə”yə çevrilməsinə görə yox. Komanda “İnter” adlanan dövrdə sponsoru olmuş Cahangir Hacıyev indi dəmir barmaqlılqlar arasındadır. Adam “Beynəlxalq Bank”dan oğurladığı pulları həm də “İnter”in vasitəsiylə “yuyurmuş”. Ondan sonra klub Zaur Axundovun nəzarətinə keçdi. Ki, məhz elə bundan sonra Axundovla Elxan Məmmədovun şərikli işlətdiyi “dükan”a çevrildi.
İndi AFFA rəhbərliyi qərara gəlib ki, bu “dükan”ı aparıb Şamaxıda yerləşdirmək lazımdır.
Dəyərli Şamaxı əhli şəhərlərində qəfildən bir futbol komandası peyda olmasına sevinəcəkmi, üzüləcəkmi, çaşqınlıq içində olacaqmı, bunu zaman göstərəcək. Əmbə ki, bir şey gün işığı qədər aydındır: bakılı bir qız şamaxılı oğlana ərə gedib, Şamaxıya köçməklə şamaxılı olmaz. Kökü, soyu, atası, anası bakılıdır e, bakılı.
İndi bu “dükan”ın əsl sahibləri də Bakıda qalır axı. Elxan Məmmədovla Zaur Axundovu da Şamaxıya sürgün etsinlər, bəlkə, onda “Keşlə”nin “Şamaxı”ya çevrilib Şamaxının komandası olmasını sindirmək olar.
Belə də ki, AFFA rəhbərliyi Azərbaycanda futbolu Şamaxı batan kimi batırıb, çox da şey eləməyin, ürəyinizə salmayın.
Bizi Facebook-da izləyin