“Meydana çıxın, şənlənin, oyununuzla kim olduğunuzu göstərin” – “Düdelanj”ın baş məşqçisi
“Düdelanj”ın baş məşqçisi Bertrand Krasson Avropa Liqasında “Qarabağ”la qarşılaşacaqları oyun haqda fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Krasson, oyunla bağlı bunları deyib:
“Komandada yüksək əhval-ruhiyyə var, hansısa təzyiq hiss etmirik. Çünki avrokuboklarda bizdən heç kim nəsə tələb etmir. Üstəlik, qrup mərhələsinə vəsiqə qazanmağımız və APOEL-i məğlub etməyimiz rəqiblərin də bizə ciddi yanaşmasına səbəb olub. Əlbəttə, “Qarabağ”ı da məğlub edə bilsək, qrupdan çıxmaq şansımız artacaq.
Bilirik ki, qalib gələ bilərik. Evdə oynamağımız əsas üstünlüyümüzdür. Təsəvvür edin ki, “Sevilya” APOEL-i məğlub etsə, biz də qələbə qazansaq, qrupda vəziyyət necə olacaq. Əlbəttə, yarışda nə isə etmək istəyirik. Futbolçularımda heç bir təzyiq yoxdur. Onlara “meydana çıxın, şənlənin, oyununuzla kim olduğunuzu göstərin” deyəcəm.
“Qarabağ”ın oyunlarını bir az izləmişəm. Təhlillər aparmaq üçün bir az da vaxtım qalıb. Düşünürəm ki, “Qarabağ” evdə və səfərdə fərqli futbol oynayır. Bu amil oyunun əvvəlində bizə kömək edə bilər. Lakin bir daha təkrarlayım ki, bizim bu rəqiblə matçda nəticə qazanmaq kimi öhdəliyimiz yoxdur. Söz verə bilərəm ki, rəqibi çox narahat edəcəyik. Onlar bizim meydandan asan qələbə ilə getməyəcək”.
Bu gün keçiriləcək “Düdelanj” – “Qarabağ” matçı saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin